Azərbaycan səfiri: "Qaçqın və məcburi köçkünlərin problemləri barədə danışanda Afrika ölkələri bizi daha yaxşı anlayır" - MÜSAHİBƏ

Azərbaycan səfiri: "Qaçqın və məcburi köçkünlərin problemləri barədə danışanda Afrika ölkələri bizi daha yaxşı anlayır" - MÜSAHİBƏ "Azərbaycan Afrika ölkələrinə heç də az yardım etməyən ölkələrdən biridir"
Xarici siyasət
10 Yanvar , 2017 09:31
Azərbaycan səfiri: Qaçqın və məcburi köçkünlərin problemləri barədə danışanda Afrika ölkələri bizi daha yaxşı anlayır - MÜSAHİBƏ

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycanın Efiopiyadakı, eyni zamanda Keniya və Cibuti üzrə səfiri Elman Abdullayevin "Report" agentliyinə müsahibəsi:

- Azərbaycanın Efiopiyadakı səfirliyi açılandan bəri diplomatik nümayəndəliyin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycanın Əddis-Əbəbədə şəhərindəki səfirliyinin açılışı 2015-ci ilin mart ayında olub. Əddis-Əbəbə Afrikanın siyasi mərkəzidir, Afrika İttifaqının qərargahının yerləşdiyi şəhərdir. Bildiyiniz kimi, 54 ölkə bu İttifaqın üzvüdür və buna görə də burada zaman-zaman regional əməkdaşlıq məsələlərinin müzakirə edildiyi kontinental xarakterli müxtəlif tədbirlərin keçirildiyini demək olar. Afrikada ildə iki dəfə Afrika İttifaqı dövlət başçılarının sammiti keçirilir. Bu sammitlərdən biri, adətən, yanvar ayında və həmişə Əddis-Əbəbədə keçirilir. Digər sammit isə, adətən, iyun-iyul aylarında başqa Afrika dövlətinin paytaxtında keçirilir. Həmin məkan konsensus və ölkənin sammiti keçirməyə hazırlıq səviyyəsi əsasında müəyyən edilir. Bundan əvvəlki analoji sammit Ruandada, Kiqali şəhərində keçirilib. Bu zirvə görüşləri çərçivəsində, həmçinin xarici işlər nazirlərinin və digər nazirliklərin nümayəndələrinin iclasları keçirilir.

Əddis-Əbəbədə səfirlik açmağa qərar verməyimizin səbəblərindən biri Afrika İttifaqı, xüsusilə 1 sədr və 8 komissardan ibarət olan və sahəni müəyyənləşdirən Afrika İttifaqı Komissiyası ilə əməkdaşlıq etmək idi. Qeyd etməyə dəyər ki, Əddis-Əbəbə dünyada əsas diplomatik mərkəzlərdən biridir. Azərbaycan səfirliyinin fəaliyyətinə Afrika İttifaqı Komissiyası ilə əməkdaşlıq daxildir. Azərbaycan 2011-ci ildən Afrika İttifaqında müşahidəçi statusuna malikdir. Buna görə də səfirliyin vəzifəsi Afrika ölkələri ilə ikitərəfli əməkdaşlıq yaratmaq, Efiopiya ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdir. Keçən ilin iyun ayından başlayaraq biz həm də qonşu Cibuti və Keniyada akkreditə olunmuşuq. Eyni zamanda, BMT-nin ən böyük üçüncü mənzil-qərargahı olan Nayrobidəki ofisində qeydiyyatdan keçmişik. Bu ofis həmçinin UN Enviroment və UN Habitat kimi proqramları özündə birləşdirir.

- Azərbaycanın Şərqi Afrika ölkələri və bütövlükdə qitə ilə əlaqələri necə inkişaf edir?

- Çox yaxşı inkişaf edən əlaqələrimiz var, bu ölkələrlə çox yaxşı və sağlam dialoq qurulur. Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişa Abdullahinin Azərbaycana son səfəri və Bakıda Humanitar Forumunda iştirak etməsi buna sübutdur. Bu yaxınlarda Efiopiyanın mədəniyyət və turizm işləri üzrə dövlət katibinin, eləcə də Cibutinin müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda olub. Qeyd etmək lazımdır ki, liman və azad iqtisadi zonanın rəhbəri, eləcə də "Cibuti Hava Yolları"nın sədri iki dəfə Bakıya səfər edib və Azərbaycan və Cibuti, eləcə də Bakı və Cibuti limanları arasında Anlaşma Memorandumu imzalanıb.

Bildiyiniz kimi, Cibuti limanı Afrikanın strateji əhəmiyyətli və zəngin tarixi olan ən böyük limanlarından biridir. Bu yaxınlarda "Azərbaycan Hava Yolları"nın rəhbəri Cahangir Əsgərov Cibutidə olub və səfər zamanı "Silk Way Cargo"nun həyata keçirəcəyi yük aviadaşımalarının həyata keçirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan və Cibuti arasında birgə yük daşımaları müəssisəsinin yaradılması barədə razılıq əldə olunub.

Əlbəttə, qonşu ölkələrlə əlaqələr sürətlə inkişaf edir. Bildiyiniz kimi, Cibuti İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulub. Cibuti Azərbaycanın müstəqilliyinin ilk günlərindən bəri həmişə BMT Təhlükəsizlik Şurasının iclaslarında Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Keniya ilə münasibətlərimiz praktiki olaraq keçən ilin iyun ayından inkişaf etməyə başlayıb. Mən bu ölkənin prezidenti, xarici işlər naziri, müxtəlif nazirləri, parlament sədri ilə görüşlər keçirmişəm. Keniya ilə ticarət dövriyyəsinin artırılması istiqamətində işləyirik. Keniya, həmçinin Cibuti ilə iqtisadi əməkdaşlıq üçün potensialımızın olduğunu hesab edirik.

Afrika bazarının Azərbaycan məhsulları üçün cəlbedici olduğunu görürük, buna görə də Cibuti ilə əlaqələri inkişaf etdirmək Azərbaycan məhsullarını Afrika bazarlarına çıxarmaqda bizə kömək edəcək. Bu yanaşma ilə yaxın gələcəkdə Azərbaycan məhsullarını bu bazara çıxarmağa ümid edirik. 2017-ci ildə Azərbaycanda Azərbaycan-Keniya biznes forumu təşkil etməyi planlaşdırırıq. Bu, bizə təqdimat həyata keçirməyə və keniyalı iş adamlarını Azərbaycanın özəl sektorun nümayəndələri ilə tanış etməyə imkan yaradacaq.

Təbii ki, Afrika İttifaqı ilə əlaqələr qurmaqla münasibətləri kontinental səviyyədə inkişaf etdiririk. Amma bu istiqamətdə ilk addımı atarkən Afrika İttifaqının 17 ölkəsini bir araya gətirən Şərqi Afrikadan danışmalıyıq.

Keniya və Cibutinin böyük limanları var və onlardan istifadə etməklə Şərqi Afrika ölkələrinə çıxış əldə edə bilərik. Bu bazar (COMESA) Azərbaycan məhsullarının satışı üçün kifayət qədər böyükdür, çünki ümumilikdə təxminən 450 milyon nəfəri əhatə edir. Təbii, limanlar, azad iqtisadi zonalar Azərbaycan şirkətləri üçün platforma ola bilər. Tanzaniya, Uqanda, Keniya, Efiopiya kimi bazarlar vacibdirlər. Şirkətlərimizin gələcəkdə bu bazarlara çıxışı üçün çalışırıq.

Azərbaycan digər əsas məhsulu "ASAN xidmət"dir - bütün Afrikada tələbat yarada biləcək intellektual məhsuldur. Bildiyiniz kimi, bu yaxınlarda Afrika İttifaqı komissiyasında Əddis-Əbəbəyə toplaşan Afrika İttifaqının 54 ölkəsinin nümayəndələri üçün "ASAN xidmət"in eksklüziv təqdimatı keçirilib. Bu təqdimat ümumilikdə Azərbaycanın ictimai xidmət sahəsindəki təcrübəsi üzrə olub və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən yüksək qiymətləndirilib. Eksklüziv təqdimatdan sonra sosial xidmətlər, mərkəzləşmə, urbanizasiya sahələri üzrə nazirlər Azərbaycanın təcrübəsinə böyük maraq göstəriblər. Əlbəttə ki, Afrika İttifaqının qərargahında belə təqdimat Azərbaycan üçün öz intellektual məhsullarını Afrika ölkələrinə ixrac etmək baxımından çox əhəmiyyətli platformadır. Bu gün Afrika inkişaf mərhələsinə qədəm qoyub və qitənin böyük potensialı var.

Hazırda ticarət dövriyyəsi çox aşağı səviyyədədir. Təbii ki, bu, görmək istədiyimiz yanaşmaya uyğun deyil. Bu bazarlarda tələbatı yüksək ola biləcək keyfiyyətli Azərbaycan məhsulları var. Məhz bu amil də ticarət dövriyyəsinin artırılması üçün başlanğıc nöqtə olacaq. Bu istiqamətdə işləməliyik.

Müəyyən işgüzar dairələrin Azərbaycana getmək və məhsullarımızla yerində tanış olmaq marağı var.

- Sovet dövründə bir çox afrikalı tələbə Bakıda təhsil alıb. Bu ənənənin bərpa edilməsi və Bakıda təhsil alan afrikalı tələbələrin sayının artırılması baxımından hansısa plan, layihə var?

- Bilirsiniz, Sovet İttifaqı dövründə ən əhəmiyyətli akademik paytaxtlardan biri Bakı şəhəri idi. 5000-dən çox afrikalı Azərbaycanın müxtəlif ali məktəblərindən məzun olub. Onların 800-dən çoxu efiopiyalı tələbələrdir. Təbii ki, bu gün afrikalılar Bakını və bütövlükdə Azərbaycanı çox yaxşı xatırlayırlar. Onlar üçün Azərbaycan intellektual inkişaf və həyat təcrübəsinin əsasını qoyan bir ölkədir. Azərbaycandakı güclü təhsil sayəsində Afrika qitəsində bir çox rəsmi şəxslər peşəkar təcrübəyə yiyələnib və Bakıdakı təhsil sayəsində xidmət göstərə bilirlər. Bu gün bu istiqamətdə işlər görürük. Azərbaycanın ali təhsil müəssisələrində təhsil səviyyəsi yüksəkdir və beynəlxalq standartlara cavab verir. Bu, Afrika üçün vacibdir.

"ADA" Universitetini qeyd etmək istərdim. Bu universitet Afrikada çox populyardır. Afrika ölkələrinin cəlb edildiyi müxtəlif proqramlar var. Bu il ilk dəfə olaraq "ADA Caspian Studies" proqramı üzrə Afrika İttifaqı Komissiyasının xanım nümayəndəsi iştirak edib. Belə proqramlarda nə qədər çox Afrika nümayəndəsi, institutu iştirak etsə, onlar bir o qədər çox Azərbaycan haqqında öyrənəcək, ölkə haqqında biliklərə sahib olacaq və həmkarlarına Azərbaycan haqqında məlumat ötürəcəklər. Bu, Azərbaycanı təmsil etməkdə, qitədə ölkə haqqında bilikləri ötürməkdə bizə çox yardım edir. "ADA" təcrübə mübadiləsi baxımından Afrika qitəsi üçün böyük əhəmiyyət kəsb edir. Təhsildən başqa, müxtəlif treninqlərin - məsələn, Cibutidən olan pilotların təlim kimi - keçirilməsi üzrə ayrı-ayrı ideyalar var. Bu gün bu məqam da işimizin əsas istiqamətlərindən biridir.

- Afrikanın bu hissəsi azərbaycanlı turistlər arasında nə dərəcədə məşhurdur? Və əksinə, Azərbaycan səfirliyi ölkəmizin turizm potensialının təbliği üçün hansı tədbirlər həyata keçirir?

- Hazırda Afrikanın bu hissəsində turistlərimizin sayı azdır. Amma Afrikanın bu hissəsi, xüsusilə Keniya və Efiopiya çoxlu maraqlı yerlərə malikdir. Bu, çox maraqlı istiqamətdir və bu gün Afrika ölkələri ilə gələcək iş birliyimizin əsasının təməli qoyulur. Turizm sahəsində Tanzaniya, Keniya ilə işləmək maraqlı olardı. Bu ölkələr dünyada populyar olan safari, cəlbedici yerləri, turizm adaları ilə məşhurdur.

Biz artıq il yarımdır buradayıq. Azərbaycan səfirliyi olaraq, həmçinin afrikalı turistlərin Azərbaycana cəlb edilməsi istiqamətində işləyirik. Hesab edirəm ki, Azərbaycan haqqında daha çox məlumat yaymaq lazımdır. Ölkəmiz haqqında hələ Sovet dövründən çox şey bilirlər. Bunlar əsasən Azərbaycanda təhsil almış və olmuş şəxslərdir. Lakin Azərbaycan haqqında az biliyə malik olan regionlar da var. Bu istiqamətdə KİV ilə fəal işləyirik, həm də çoxlu tədbirlər keçiririk. Əsas məqsəd Azərbaycanı mümkün qədər çox tanıtmaq, beynəlxalq aləmdə onun yeri barədə məlumat verməkdir.

Həmçinin Azərbaycanın biznes imkanlarını, idman nailiyyətlərini təqdim etmişik və bu, medianın diqqətini çəkib. İmkanlarımızı təqdim etmək üçün hər bir tematik platformadan istifadə edirik. Əlbəttə, Azərbaycan mədəniyyəti, kinematoqrafiyası, musiqisi yerli ictimaiyyətin, diplomatik korpusun nümayəndələrini xüsusilə cəlb edir. Bu yaxınlarda "Arşın mal alan" filminin nümayişini təşkil etdik. Film iki gün ərzində yerli telekanallar vasitəsilə nümayiş etdirilib və onun Əddis-Əbəbədəki kinoteatrlarından birində baş tutan təqdimat mərasimində diplomatik korpusun nümayəndələri, rəsmi şəxslər iştirak ediblər.

- Şərqi Afrika ölkələrinin vətəndaşları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə nə dərəcədə məlumatlıdırlar? Erməni təcavüzü haqqında məlumatların yayılması məqsədilə səfirlik hansı addımları atır?

- Bu, ən əsas məsələdir və səfirlik sürətlə bu istiqamətdə intensiv işləyir. Efiopiya KİV-də Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalını hələ də davam etdirməsi haqqında ətraflı məlumat verilən bir neçə yazı dərc edilib. Dünyanın bütün ölkələri kimi, bu üç ölkə (Efiopiya, Keniya, Cibuti - red.) də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Faktlar, xüsusilə də Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər barədə məlumatlar yerli mətbuatda geniş işıqlandırılıb. Təbii ki, beynəlxalq təşkilatların mövqeyi, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri də göstərilib. Afrika ölkələri qaçqınların və məcburi köçkünlərin hüquqları barədə danışan zaman bizi anlayır. Etnik təmizləmələrdən danışan zaman bu, onların hisslərinə toxunur, çünki özləri də bunu yaşayıb. Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsi və humanitar fəlakət olan bir milyondan çox qaçqının mövcudluğu Afrika ölkələrinin diplomatik nümayəndələri ilə geniş müzakirə olunur.

- Bir sıra Afrika ölkələrinin sürətli inkişafına baxmayaraq, qitədə yoxsulluq səviyyəsi yüksək olaraq qalır. Azərbaycan Afrikanın kasıb ölkələrinə hansı humanitar yardımlar edir?

- Müstəqillik əldə etdikdən bəri Azərbaycan yoxsulluq səviyyəsi yüksək olan ölkələrə humanitar yardım göstərir. AİDA tərəfdən kataraktanın müalicəsi üzrə mindən çox əməliyyat keçirilib. Bir quraqlıq zamanı Azərbaycan Somaliyə vəsait ayırıb. Həmçinin "Ebola" virusuna qarşı mübarizədə Azərbaycan böyük dəstək verib. Afrika ölkələri bunu yüksək qiymətləndirir. Azərbaycan Afrika ölkələrinə heç də az kömək etməyən ölkələrdən biri olub.

Son xəbərlər

Orphus sistemi