Afrika İttifaqı Komissiyasının sədri: "Azərbaycanın əldə etdiyi təcrübə bütün dünya üçün önəmlidir"

Afrika İttifaqı Komissiyasının sədri: "Azərbaycanın əldə etdiyi təcrübə bütün dünya üçün önəmlidir" Elman Abdullayev Azərbaycan ilə Afrika İttifaqı arasında münasibətlərin inkişafının xüsusi önəm daşıdığını bildirib
Xarici siyasət
20 İyun , 2017 13:07
Afrika İttifaqı Komissiyasının sədri: Azərbaycanın əldə etdiyi təcrübə bütün dünya üçün önəmlidir

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycann Afrika İttifaqı yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Afrika İttifaqı Komissiyasının yeni seçilən sədri Musa Faki Mahamatla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə E.Abdullayev M.Mahamatı bu mötəbər beynəlxalq təşkilatın rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan ilə Afrika İttifaqı arasında münasibətlərin inkişafının xüsusi önəm daşıdığını bildirib.

Səfir Azərbaycan ilə qitə ölkələri arasında əməkdaşlığın əsasının illər öncə qoyulduğunu həmsöhbətinin diqqətinə çatdıraraq, Azərbaycan ilə Afrika İttifaqı arasında münasibətlərin genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu bildirib. Rəsmi Bakının bir çox sahələrdə zəngin təcrübəyə malik olduğunu qeyd edən E.Abdullayev Afrika İttifaqı və digər Afrika ölkələri ilə bu təcrübəni bölüşməyə hazır olduğumuzu vurğulayıb. 

Səfir Azərbaycanın Afrikada təhsilin inkişafına töhfə verdiyini, xüsusilə qızların təhsili sahəsində rəsmi Bakının dəstəyi sayəsində YUNESKO ilə birgə qitə üçün xüsusi əhəmiyyət kəsb edən layihələrin həyata keçirildiyini vurğulayıb.

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat zəngin enerji ehtiyatları olan və qısa müddət ərzində əhəmiyyətli inkişaf yolunu keçən Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini nümunəvi və təqdirəlayiq hal adlandırıb, bu sahədə rəsmi Bakının əldə etdiyi təcrübəsinin bütün dünya, o cümlədən Afrika ölkələri üçün də önəmli olduğunu bildirib.

Azərbaycan tərəfindən Afrika ölkələri ilə münasibətlərin inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirən M.Mahamat, rəsmi Bakının dəstəyi ilə Afrikada həyata keçirilən layihələrin Komissiya üçün də prioritet istiqamətlərdən olduğunu vurğulayıb. O, həmçinin Afrika İttifaqı Komissiyasının ölkəmizlə əməkdaşlığı davam etdirməyə, Azərbaycanın qitə ölkələri ilə münasibətlərinin möhkəmləndirilməsində Afrika İttifaqı Komissiyasının platforma rolunu oynamağa hazır olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi