Bakı. 5 aprel. REPORT.AZ/ "Qoşulmama Hərəkatında sədrlik Azərbaycana keçib. Təşkilatın növbəti sammiti Bakıda keçiriləcək".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirləri Elmar Məmmədyarov bu gün Bakıda işə başlayan Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin konfransında deyib.
"İnanırıq ki, bugünkü görüş dünyada sülh və sabitliyin yaradılması üçün növbəti addım olacaq. Regional və subregional təhlükəsizlik, insan hüquqları mövzuları çox vacibdir. Bu, təşkilatımızın üzləşdiyi məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün imkandır", - XİN baççısı bildirib.
"Təşkilatda ərazi bütövlüyü və daxili işlərə qarışmamaq prinsiplərinə hörmətlə yanaşılması çox vacibdir. Biz ikili standartlardan qaçınmalıyıq", - o əlavə edib.
Azərbaycan XİN başçısının sözlərinə görə, beynəlxalq hüquqa tam hörmət edilməsini və ona riayət olunmasını təmin etmək, eləcə də dünya problemlərini həll etmək üçün BMT Baş Assambleyasının işinin səmərəliliyinin artırılması zəruridir: "Azərbaycan ilk növbədə, beynəlxalq sülhün və təhlükəsizliyin qurulmasında və qorunub saxlanılmasında, həmçinin davamlı inkişafında, sosial və insan hüquqları ilə bağlı məsələlərdə BMT-nin aparıcı rolunu təqdir edir. Bu məqsəqlə Azərbaycan BMT TŞ-da islahatların keçirilməsi ideyasını dəstəkləyir ki, bu da təşkilatın daha səmərəli və effektiv formada işləməsi, müasir dünyanın çağırış və problemlərini həll edə bilməsi deməkdir. Bunu rəhbər tutaraq, BMT-yə üzv dövlətlərinin 3/2-si QH ölkələri tərəfindən təmsil olunduğu üçün BMT-nin islahatına dair təkliflərin bu qrupdan gəlməsi əlbəttə ki nəzərə alınmalı, eşidilməli və hörmət edilməldir".
Ermənistan-Azərbaycan münaqişəsinin regionun inkişafına mane olduğunu deyən E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan BMT-ni Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin həyata keçirilməsini dəstəkləməyə və təmin etməyə çağırır:
"Dünyanın müxtəlif yerlərində baş verən müharibələr və silahlı münaqişələr bəzi bölgələrdə siyasi qeyri-sabitliyə, geniş miqyaslı yerdəyişmələrə və gözlənilməz humanitar böhrana səbəb olur. Bu münaqişələr yalnız müəyyən regionlara deyil, beynəlxalq təhlükəsizliyə də təhdid yaradır.
Biz əminik ki, regional və subregional məsələlərə dair Bakı QH nazirlərin aralıq toplantısının nəticələri təhlükəsizlik problemlərinin həllinə və beynəlxalq və regional səviyyələrdə sülh və təhlükəsizliyin gücləndirilməsinə kömək edəcəkdir".
Nazirin sözlərinə görə, QH-nin gələcək sədr dövləti kimi Azərbaycan bu funksiyanı QH ölkələrində beynəlxalq hüquqa və Hərəkatın möhkəm mövqeyinə əsaslanan münaqişələrin sülh yolu ilə həllinə yardım etmək üçün istifadə edəcəkdir.
"Təəssüf ki, Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişə regionumuzda təhlükəsizlik, sabitlik və iqtisadi rifaha əsas maneə olmaqda qalır. Artıq iyirmi beş ildən çoxdur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiq edir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, ərazinin əldə edilməsi məqsədilə gücdən istifadənin yolverilməz olduğunu təsdiqləyən və Ermənistan Respublikasının işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrin 25-ci ildönümünü təəssüflə qeyd edən Azərbaycan beynəlxalq ictimaiyyəti və BMT-ni TŞ-nın müvafiq qətnamələrinin hərtərəfli həyata keçirilməsini dəstəkləməyə çağırır.
Bu mövqe bir çox beynəlxalq təşkilat, o cümlədən Azərbaycanın suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair qərar qəbul edən və Dağlıq Qarabağ bölgəsini Azərbaycan Respublikasının tərkib hissəsi kimi tanıyaraq münaqişənin bu prinsiplərə əsaslanan həllini tələb edən QH tərəfindən bir daha təsdiqlənmişdir.
QH-nin üzv dövlətləri də daxil olmaqla, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair birmənalı və ardıcıl dəstəyi Ermənistana təcavüz nəticəsində əldə edilmiş mövcud status-kvonun heç vaxt qəbul olunmayacağını göstərən mühüm amildir", - E.Məmmədyarov bildirib.