Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidentinin və Qətər Əmirinin görüşü olub - YENİLƏNİB

    Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb

    Bakı. 27 fevral. REPORT.AZ/ Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 27-də Əmir sarayında rəsmi qarşılanma mərasimi olub.

    "Report" xəbər verir ki, bundan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin geniş tərkibdə görüşü olub. 

    Görüşdə son vaxtlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi bildirilib.

    Azərbaycana səfərini xatırladan Əmir respublikamızın sürətlə inkişafının şahidi olduğunu diqqətə çatdıraraq bildirib ki, ölkəmizdə sabitlik və təhlükəsizlik mövcuddur. Bu da həm iqtisadi, həm turizm sahələrində inkişafa imkan yaradır. Qətər Dövlətinin Əmiri qarşılıqlı səfərlərin iki ölkə arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb. 

    Azərbaycan Prezidenti İlham Əliyev Qətərə əvvəlki səfərini məmnunluqla xatırlayıb və ötən müddət ərzində ölkədə böyük inkişafın şahidi olduğunu deyib. 

    Dövlət başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışaraq vurğulayıb ki, əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir.

    Söhbət zamanı müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi vurğulanıb, digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

    Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin təkbətək görüşü olub.

    Görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidentinin Qətərə səfərinin əlaqələrimizin daha da genişləndirilməsi və əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından əhəmiyyəti qeyd edilib.

    Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi