Yuxarı

​Azərbaycan Prezidentinin Sofiyada rəsmi qarşılanma mərasimi olub

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub

Bakı. 4 mart. REPORT.AZ/ Bolqarıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 4-də Sofiyanın Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub. “Report” AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın və Bolqarıstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rosen Plevneliyev qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamlayıb. Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Rosen Plevneliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyanın Aleksandr Nevski meydanında naməlum əsgərin məzarını ziyarət edib. Burada dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi