Azərbaycan Prezidentinin Polşaya rəsmi səfəri başa çatıb - YENİLƏNİB

Azərbaycan Prezidentinin Polşaya rəsmi səfəri başa çatıb - YENİLƏNİB Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Polşa beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də və Avropa strukturlarında uğurla əməkdaşlıq edirlər
Xarici siyasət
28 İyun , 2017 17:00
Azərbaycan Prezidentinin Polşaya rəsmi səfəri başa çatıb - YENİLƏNİB

Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri iyunun 28-də başa çatıb.


*** 12:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 28-də Varşavada Polşa Respublikasının baş naziri xanım Beata Şidlo ilə görüşüb.

"Report"un məlumatına görə, baş nazir Beata Şidlo Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd edib, Azərbaycan-Polşa biznes forumunun iqtisadi əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətini vurğulayıb. Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirən baş nazir ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

Beata Şidlo Polşanın Azərbaycanın regionda rolunu yüksək qiymətləndirdiyini, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini söyləyib. Polşanın Baş naziri səfər çərçivəsində imzalanan sənədlərin əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığını deyib.

Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlı olduqlarını deyən baş nazir bildirib ki, Polşa Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir və yüksək qiymətləndirir. Polşa şirkətləri də bu istiqamətdə fəal iştirak etməyə hazırdırlar. Baş nazir hökumətlərarası komissiyanın işinin daha da fəallaşdırılmasının əlaqələrimizin inkişafında önəmini qeyd edib. Beata Şidlo bildirib ki, regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur. Baş nazir Azərbaycanın balanslı siyasət həyata keçirdiyini bildirərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğulayıb, bu baxımdan Cənub Qaz Dəhlizinin önəmini qeyd edib.

Baş nazir Beata Şidlo ilə əvvəlki görüşünü xatırlayan Prezident İlham Əliyev Polşaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi, qarşıda duran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. İkitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Polşa beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də və Avropa strukturlarında uğurla əməkdaşlıq edirlər. İkitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, bu istiqamətdə yeni saziş üzərində iş aparıldığını deyib. Prezident İlham Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın fəal iştirak etdiyini deyib və bu istiqamətdə Polşa ilə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayıb.

Dövlət başçısı ikitərəfli siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı ticarət dövriyyəsinin ölkələrimizin mövcud potensialını tam əks etdirmədiyini, onun artırılması üçün əsas istiqamətlərin müəyyənləşdirilməsində Azərbaycanın maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Polşa arasında nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi