Azərbaycan Prezidenti rusiyalı nazir Vladimir Puçkovu qəbul edib - ƏLAVƏ OLUNUB

Azərbaycan Prezidenti rusiyalı nazir Vladimir Puçkovu qəbul edib - ƏLAVƏ OLUNUB "Azərbaycan və Rusiya dostluğu artıq xeyli sınaqlardan keçib"
Xarici siyasət
20 Sentyabr , 2016 18:11
Azərbaycan Prezidenti rusiyalı nazir Vladimir Puçkovu qəbul edib - ƏLAVƏ OLUNUB

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkovu qəbul edib.

"Report"un məlumatına görə, dövlət başçısı ölkələrimizin müvafiq nazirlikləri arasında uzun illərdir sıx qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğulayıb, bu gün imzalanacaq sənədin əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasında Rusiya tərəfinin yardımına görə təşəkkürünü bildirib, ilkin mərhələdə aparılan qarşılıqlı məsləhətləşmələri və texniki təchizatla bağlı köməyi yüksək qiymətləndirib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 10 ildən artıqdır səmərəli fəaliyyət göstərdiyini qeyd edən dövlət başçısı ölkələrimizin müvafiq qurumlarının ikitərəfli əməkdaşlıq həyata keçirdiyini, gözlənilməz situasiyalar və qarşıya çıxan çətinliklər zamanı bir-birinə yardım göstərdiklərini vurğulayaraq bunu dostluq və tərəfdaşlıq əlaqələrinin təsdiqi kimi qiymətləndirib, bu dostluğun artıq xeyli sınaqlardan keçdiyini vurğulayıb.

Rusiya və Azərbaycanın dost dövlətlər olduğunu qeyd edən nazir Vladimir Puçkov ölkələrimizi bir çox məsələlərin birləşdirdiyini deyib. Birgə əməkdaşlığımızın parlaq perspektivləri olduğunu bildirən Vladimir Puçkov Azərbaycanın və Rusiyanın Fövqəladə Hallar nazirliklərinin uzun illərdir qarşılıqlı fəaliyyət göstəridiklərini, idarəetmə orqanlarının və xüsusi bölmələrin hazırlığının artırılması, eləcə də mütəxəssislərin təlimləri ilə bağlı birgə işlərin aparıldığını, yeni texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Vladimir Puçkov bildirib ki, bu gün imzalanması nəzərdə tutulan növbəti iki illik plan məqsədlərin müəyyənləşdirilməsi, tapşırıqların formalaşdırılması, həm Azərbaycan, həm də Rusiya tərəfindən məsul şəxslərin təyin olunması üçün yaxşı imkan yaradacaq. O deyib ki, birgə fəaliyyətin əsas məqsədi Rusiya və Azərbaycan əhalisinin həyat təhlükəsizliyi, iqtisadiyyatın, sosial infrastrukturun inkişafı üçün şəraitin yaradılması, eləcə də təhlükə və fəlakətlərin azaldılması üçün müasir forma və metodların tətbiqidir.

Son xəbərlər

Orphus sistemi