Azərbaycan Prezidenti MDB Statistika Xidmətləri Rəhbərləri Şurasının iclasının bir qrup iştirakçısını qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti MDB Statistika Xidmətləri Rəhbərləri Şurasının iclasının bir qrup iştirakçısını qəbul edib - YENİLƏNİB Dövlət başçısı vurğulayıb ki, ölkədə statistik xidmətin inkişafına böyük diqqət yetirilir
Xarici siyasət
31 May , 2017 16:39
Azərbaycan Prezidenti MDB Statistika Xidmətləri Rəhbərləri Şurasının iclasının bir qrup iştirakçısını qəbul edib - YENİLƏNİB

İlk xəbər 15:14-də yayılıb

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda keçirilən yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminarın və Azərbaycanın sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclasında iştirak edən yüksək səviyyəli rəsmi qonaqları qəbul edib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev həm Asiya-Sakit okean regionunu, həm də MDB məkanını əhatə edən bu cür böyük beynəlxalq tədbirin ölkədə keçirilməsindən məmnunluğunu ifadə edib.

Statistika xidmətlərinin çox mühüm məsələlərlə məşğul olduğunu deyən dövlət başçısı qeyd edib ki, düzgün statistik məlumatlar, vəziyyətin dolğun analizi olmadan müxtəlif sahələrdə, o cümlədən sosial-iqtisadi, demoqrafik və istənilən digər sahədə inkişafın və perspektivlərin dəqiq planlaşdırılmasına nail olmaq mümkün deyil. Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə statistik xidmətin inkişafına və bu xidmətin dünyanın ən inkişaf etmiş ölkələrinin xidmətləri səviyyəsinə qaldırılmasına böyük diqqət yetirilir. Eyni zamanda, siyasi və sosial-iqtisadi keçid dövrünü yaşayan ölkələrin də təcrübəsi bizim üçün maraqlıdır. Tədbirin işinə uğurlar arzulayan dövlət başçısı iclas zamanı aparılan müzakirələr və fikir mübadilələrinin səmərəli olacağına, əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun direktoru Aşiş Kumar iclasın Bakıda yüksək səviyyədə təşkilinə, həmçinin Azərbaycanda statistika işinə verdiyi daimi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İclas çərçivəsində ilkin olaraq Dayanıqlı İnkişaf Məqsədləri və göstəricilərin müzakirəyə çıxarıldığını deyən Aşiş Kumar ölkələrin əldə etdiyi uğurlar ətrafında da fikir mübadiləsi aparıldığını qeyd edib. BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun geniş məkanı əhatə etdiyini və buraya daxil olan ölkələrin zəngin beynəlxalq təcrübəyə malik olduğunu vurğulayan Aşiş Kumar rəhbərlik etdiyi təşkilatın ölkələrə bu sahədə lazımi kömək göstərməyə hər zaman hazır olduğunu bildirib.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda keçirilən yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminarın və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclasının bir qrup iştirakçısını qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi