Yuxarı

Azərbaycan Prezidenti Litva və Serbiya prezidentlərinə təbrik məktubu göndərib

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu göndərib. “Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Mən Azərbaycanın mühüm tərəfdaşlarından biri kimi Litva ilə münasibətlərə xüsusi əhəmiyyət verirəm. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm”.

Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçə də təbrik məktubu göndərib. Məktubda deyilir:

“Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığı, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və tərəqqi arzulayıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi