Yuxarı

​Azərbaycan prezidenti İtaliyanın baş naziri ilə görüşüb

Görüşdə iki ölkə arasındakı ikitərəfli münasibətlərin Azərbaycan–Avropa İttifaqı əlaqələri baxımından önəmi qeyd edilib

Bakı. 10 İyul. REPORT.AZ/ İyulun 9-da Azərbaycan prezidenti İlham Əliyevin İtaliyanın baş naziri Matteo Renzi ilə geniş tərkibdə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə Matteo Renzi ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Ölkələr arasındakı ikitərəfli münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən baş nazir ölkəsinin Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu bildirib.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə görə prezident İlham Əliyevə təbriklərini çatdıran İtaliyanın baş naziri “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan pavilyonunun çox gözəl təşkil olunduğunu vurğulayıb. O, sərgidə iştirakına görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

Baş nazir Matteo Renzi TAP layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin önəmini vurğulayıb. Azərbaycanda tolerantlığın yüksək səviyyədə təmin edilməsi istiqamətində prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin nümunə olduğunu deyib.

Prezident İlham Əliyev ölkələr arasında dostluq münasibətlərinin mövcud olduğunu, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Dövlət başçısı Azərbaycan ilə İtaliya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb.

İlham Əliyev I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın məhz İtaliyada qəbul olunmasının rəmzi xarakter daşığıdını qeyd edib. Dövlət başçısı “Bakı-2015” birinci Avropa Oyunlarında İtaliyanın geniş nümayəndə heyəti ilə təmsil olunmasını yüksək qiymətləndirib. Azərbaycan prezidenti “Milan Expo 2015” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. İnfrastruktur, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Energetika sahəsində əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb, qeyri-energetika sektorunda əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə iki ölkə arasındakı ikitərəfli münasibətlərin Azərbaycan–Avropa İttifaqı əlaqələri baxımından önəmi qeyd edilib, regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi