Yuxarı

Azərbaycan Prezidenti Fransa hökumətinin üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Fransaya çoxsaylı səfərlərini xatırlayan dövlət başçısı bütün bunları ikitərəfli əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib

Bakı. 26 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 26-da Fransa Respublikasının Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, iki ölkə arasında güclü dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Andre Valli bildirib ki, bu dostluq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransa Prezidenti Fransua Ollandı birləşdirən şəxsi münasibətlər nəticəsində daha da güclənib.

Prezident İlham Əliyev bu yaxınlarda Parisdə törədilmiş terror aktı ilə bağlı bir daha Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Fransa Prezidenti Fransua Ollandın Azərbaycana iki dəfə səfər etməsini və özünün isə Fransaya çoxsaylı səfərlərini xatırlayan dövlət başçısı bütün bunları ikitərəfli əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib.

Parisdə törədilən terrorla bağlı Prezident İlham Əliyevin başsağlığından təsirləndiyini bildirən Andre Valli Azərbaycana səfərinin ilk günündən terror qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Fransanın Bakıdakı səfirliyinin qarşısına əklil və gül dəstələrinin düzülməsinin şahidi olduğunu və Azərbaycan xalqının Fransanın dərdinə şərik çıxmasını ifadə edən mesajları oxuduğunu deyib. O, bütün bunları Prezident İlham Əliyevin və Azərbaycan xalqının Fransa xalqının dərdinə şərik çıxmasının göstəricisi kimi qiymətləndirib.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, kosmik sənaye, müdafiə, təhsil, mədəniyyət və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi