Azərbaycan Prezidenti Cibuti Milli Assambleyası sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Cibuti Milli Assambleyası sədrini qəbul edib - YENİLƏNİB Prezident İlham Əliyev əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib
Xarici siyasət
2 May , 2017 13:40
Azərbaycan Prezidenti Cibuti Milli Assambleyası sədrini qəbul edib - YENİLƏNİB
president.az

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"xəbər verir ki, dövlət başçısı Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-Cibuti əlaqələrinin inkişafında mühüm rol oynayacağına və səfər zamanı əməkdaşlığın müxtəlif aspektlərinin geniş müzakirə olunacağına əminliyini ifadə edib. 

İkitərəfli əlaqələrin çox möhkəm olduğunu və son illər ərzində daha da inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Azərbaycan Cibuti ilə bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlıdır. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə görə minnətdarlığını bildirən dövlət başçısı artıq dünyanın 10-dan çox ölkəsinin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qərar qəbul olunduğunu vurğulayıb. 

Prezident İlham Əliyev bildirib ki, Cibuti parlamentinin qəbul etdiyi bu qətnamə həm ədaləti əks etdirir, həm də iki ölkə arasındakı dostluq münasibətlərinin göstəricisidir. Dövlət başçısı iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının və bir-birini dəstəkləmələrinin önəmini qeyd edib. İqtisadi əməkdaşlığa toxunan Prezident İlham Əliyev son vaxtlar bu istiqamətdə mühüm addımların atıldığını, iki ölkə arasında hava nəqliyyatının yaradılmasının qarşılıqlı ticarətə müsbət təsir göstərdiyini deyib.Azərbaycan-Cibuti ikitərəfli əlaqələrinin gündəliyinin geniş olduğunu deyən Prezident İlham Əliyev əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Milli Assambleyanın sədri Mohamed Əli Huməd Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quellenin salamlarını dövlət başçısına çatdırıb. Mohamed Əli Huməd ölkəsinin Prezidentinin adından deyib ki, əmin ola bilərsiniz, Cibuti Respublikası bundan sonra da bütün sahələrdə və bütün səviyyələrdə Azərbaycanın tərəfində, yanında olacaq.

Qonaq bildirib ki, iki ölkə arasında əlaqələrin son vaxtlar inkişaf etməsinə baxmayaraq, əlaqələrin hazırkı səviyyəsi elə təəssürat yaradır ki, münasibətlər uzun tarixə malik və çoxdan başlanan münasibətlərdir. Cibuti parlamentinin Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı qəbul etdiyi qətnaməyə toxunan Mohamed Əli Huməd parlamentdə bu qətnaməni tərəddüd etmədən qısa zamanda qəbul etdiklərini və bu qərarla qürur duyduqlarını deyib. İki ölkənin bir-birinə ümumi dini və mədəni tellərlə bağlı olduğunu deyən qonaq bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb. 

Dövlət başçısı Cibuti Respublikasının Prezidenti İsmayıl Ömər Quellenin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Cibuti Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Sonda xatirə şəkli çəkdirilib.

*** 12:01

Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Əli Humədin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb. 

Son xəbərlər

Orphus sistemi