​Azərbaycan Prezidenti: “Biz İslam həmrəyliyini gücləndirməliyik"

​Azərbaycan Prezidenti: “Biz İslam həmrəyliyini gücləndirməliyik" "Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir"
Xarici siyasət
18 İyun , 2016 03:57
​Azərbaycan Prezidenti: “Biz İslam həmrəyliyini gücləndirməliyik

Bakı. 18 iyun. REPORT.AZ/ “Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”.

"Report" xəbər verir ki, bunu iyunun 17-də Qafqaz Müsəlmanları İdarəsində müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar süfrəsində çıxışı zamanı Prezident İlham Əliyev deyib.

İlham Əliyev dövlət-din münasibətlərinin tənzimlənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladıb, Ulu öndərlə şeyxülislam Allahşükür Paşazadə arasındakı dostluğun dövlət-din münasibətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

“Biz çalışırıq ki, Azərbaycan cəmiyyətində xalqımıza xas olan cəhətlər üstünlük təşkil etsin”, - deyən dövlət başçısı ölkəmizin müsəlman aləminin ayrılmaz hissəsi olduğunu və bütün İslam dünyasında böyük nüfuz qazandığını diqqətə çatdırıb.

“Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh və sabitlik möhkəmlənməlidir”, - deyən prezident İlham Əliyev Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini xatırlatdıb. O bildirib ki, bütün sahələrdə böyük inkişaf yolu keçən ölkəmiz dünyada baş verən gərginliklər fonunda öz yolu ilə uğurla gedir və öz timsalında göstərir ki, bütün dini konfessiyaların nümayəndələrinin bir yerdə yaşaması mümkündür.

Artıq bir neçə ildir Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, bu dəfə isə paytaxtımızın tamaşaçı auditoriyası yarım milyard olan Formula-1 kimi nüfuzlu yarışa ev sahibliyi etdiyini deyən dövlət başçısı bildirib ki, bütün bunlar ölkəmizin daha yaxşı tanıdılmasına yönəlib və Azərbaycana gələn turistlər reallıqları öz gözləri ilə görürlər.

“Bizim uğurlarımızın təməlində vətəndaşlarımızın birliyi durur”, - deyən prezident İlham Əliyev ölkəmizin çoxmillətli olduğunu, onların Azərbaycanın inkişafında yaxından iştirak etdiklərini vurğulayıb.

Nitqinin sonunda İlham Əliyev xalqımıza sülh, firavanlıq və xoşbəxtlik arzulayıb.

Sonra iftar süfrəsi açılıb.

Son xəbərlər

Orphus sistemi