Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də BBC Global News-un baş icraçı direktoru Cim İqanı qəbul edib. “Report”un xəbərinə görə, BBC Global News-un baş icraçı direktoru Cim İqan rəhbərlik etdiyi qurumun fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işlər barədə Prezident İlham Əliyevə məlumat verib. O, Azərbaycanın tarixi, mədəni yüksəlişi və ölkədə gedən inkişaf prosesləri barədə dolğun informasiyanın geniş tamaşaçı auditoriyasına çatdırılmasının önəmini vurğulayıb.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, müstəqillikdən sonra sürətli iqtisadi inkişaf proseslərinə nail olunması, ölkədə azadlıq və demokratiyanın təmin edilməsi istiqamətində görülən işlər, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, respublikanın energetika sahəsində qazandığı nailiyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Prezident İlham Əliyev Azərbaycanın zəngin tarixi, mədəniyyəti, inkişaf prosesləri barədə obyektiv və qərəzsiz informasiyanın çatdırılmasının önəmini vurğulayıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.