Yuxarı

Azərbaycan Prezidenti ABŞ dövlət katibinin müavini ilə görüşüb

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidenti ABŞ-a səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərək məmnunluğunu ifadə etdi, bu səfərin uğurla keçdiyini vurğulayıb. Prezident İlham Əliyev səfərin və səfər zamanı keçirilən görüşlərin strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin artıq yeni mərhələyə qalxması işinə töhfə verdiyini bildirib.

ABŞ dövlət katibinin müavini Tomas Şennon dövlət başçısının Vaşinqtondakı uğurlu görüşlərinin maraqla izlənildiyini diqqətə çatdırıb. O, ABŞ-ın Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib və əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da uğurla genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi