Azərbaycan Prezidenti Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyətini qəbul edib "Çox şadıq ki, Fransa ilə Azərbaycan arasında münasibətlər yaxşı tarixə malikdir"
Xarici siyasət
11 May , 2016 18:33
Azərbaycan Prezidenti Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyətini qəbul edib

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyətini qəbul edib.

"Report"un məlumatına görə, dövlət başçısı deyib ki, MEDEF-in təmsil etdiyi bir çox şirkət uzun illərdir Azərbaycanda fəaliyyət göstərir: "MEDEF ilə Fransada, o cümlədən Bakıda keçirdiyim görüşlər xatirimdədir. Bu, artıq dördüncü görüşümüzdür və bu, göstərir ki, aramızda mütəmadi təmaslar var. Bu, çox yaxşı haldır, çünki ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə tərəfdaşlığın, əməkdaşlığın inkişaf etdirilməsində birgə, ümumi maraqlarımız var. Lakin təbii ki, münasibətlərimizin kökündə siyasi əlaqələrimiz dayanır. Çox şadıq ki, Fransa ilə Azərbaycan arasında münasibətlər yaxşı tarixə malikdir. Bu, fəal əməkdaşlıq və tərəfdaşlıq tarixidir.

Yəqin ki, bilirsiniz, Prezident Olland Azərbaycana iki dəfə, Prezident Sarkozi isə bir dəfə səfər etmişlər. Mənim Fransaya bir neçə dəfə səfərlərim - dövlət, rəsmi və işgüzar səfərlərim olub. Aramızda olduqca fəal siyasi dialoq, məsləhətləşmələr mövcuddur və bu əlaqələr dərin iqtisadi əməkdaşlıq üçün şərait yaradır. Müxtəlif sahələrdə zəngin təcrübə toplamışıq. Əməkdaşlıq, əslində, neft və qaz sahəsində başlayıb. Ən böyük fransız sərmayələri, əlbəttə ki, neft və qaz sahəsinin payına düşür. Lakin təbii ki, biz iqtisadiyyatın şaxələndirilməsi prioritetini nəzərə alaraq, digər sahələrdə də daha çox sərmayə görmək istərdik. Əminəm ki, bu səfərdən sonra bizim reallaşa biləcək daha çox layihələrimiz olacaq. Lakin iqtisadi əməkdaşlığımız artıq kifayət qədər müxtəlifdir və nəqliyyat, hava nəqliyyatı, ictimai nəqliyyat, metro, kosmos sahələrini əhatə edir. Fransız şirkətləri bizə kosmos sənayesinin yaradılmasında kömək göstərirlər.

Biz ilk peykimizi orbitə çıxarmışıq. Siz artıq ikinci peyki hazırlayırsınız. Əməkdaşlığımızı, həmçinin kənd təsərrüfatı sektorunda da başlamaqda ümidlərimiz böyükdür. Artıq bir neçə kiçik layihələr başlayıb. Bunun böyük potensialı var və bu, ixrac imkanlarını genişləndirmək məqsədilə Azərbaycan üçün prioritetlərdən biridir".

Prezident İlham Əliyev humanitar və təhsil sahəsində yaxşı əməkdaşlığın mövcud olduğunu da qeyd edib: "Ümidvaram ki, Bakıda Fransız Liseyinə səfər etmək imkanınız olacaq. Bu lisey tərəfdaşlığımızın müsbət nümunəsidir. Biz, həmçinin birgə universitetin yaradılması üzərində çalışırıq. Ağ Şəhər çərçivəsində yaradılan fransız məhəlləsi də çox gözəldir. Bu, bir növ Parisin bir guşəsini xatırladır. Əgər səfər etmək imkanınız olarsa, bu, maraqlı məkandır. Xüsusən də nəzərə alsaq ki, həmin ərazi yüz il əvvəl orada tikilmiş neftayırma obyektlərinin olması ilə əlaqədar əvvəllər “qara şəhər” adlanırdı. Bütün ətraf yerlər isə çirklənmişdi. İndi həmin layihə “Ağ Şəhər” adlanır. Onun rəmzi adı var. Həmin layihənin böyük, hətta nəhəng hissəsində Paris məhəlləsinin salınması nəzərdə tutulur. Əlbəttə ki, humanitar sahə hər hansı biznes fəaliyyətini birbaşa yaratmır. Lakin o, dostluq əlaqələrinin, daha çox anlaşmanın və tərəfdaşlığın yaradılmasında çox mühüm rol oynayır.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez isə bunları deyib: “Cənab prezident, MEDEF-in biznes şurasının prezidenti və SUEZ qrupunun baş direktorunun müavini xanım Döbonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyinizə görə Sizə təşəkkür edirik. Qeyd etdiyiniz kimi, nümayəndə heyətinin tərkibi və burada təmsil olunan sektorların müxtəlifliyi iqtisadi əməkdaşlığımızın dinamikasını nümayiş etdirir. Lakin Sizin vurğuladığınız kimi, həqiqətən də Fransa ilə Azərbaycan arasında ikitərəfli əlaqələr möhkəm təməli olan yüksək keyfiyyətli əlaqələrə əsaslanır. Biz bilirik ki, Prezident Ollandın 2014-2015-ci illərdəki səfəri bizim davam etdirmək əzmində olduğumuz bir çox layihələrin təməlini qoydu. Mən, həmçinin vurğulamaq istərdim ki, Azərbaycana səfər bu yaxınlarda burada olmuş Fransanın dövlət katibi Arlem Dezirdə böyük təəssürat yaradıb”.

MEDEF-in biznes şurasının prezidenti və SUEZ qrupunun baş direktorunun müavini xanım Mari-Anj Döbon isə bunları deyib: “Cənab prezident, bütün həmkarlarım adından nümayəndə heyətimizi qəbul etdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, qeyd etdiyiniz kimi, Siz bu masanın arxasında olan Fransa şirkətlərini, bütün fəaliyyət seqmentlərini çox yaxşı tanıyırsınız. Biz bir daha Sizin ölkənizdə fəaliyyətimizi davam etdirməyə, əlaqələri daha da inkişaf etdirməyə hazır olduğumuzu nümayiş etdirmək istərdik. Qeyd etdiyiniz kimi, dialoq çox zəngin olub və düşünürəm ki, iki ölkə arasındakı əlaqələr etimad, hörmət və deyə bilərik, bağlılığa əsaslanır. Düşünürəm ki, bu, fəaliyyətin inkişafını davam etdirmək üçün çox yaxşı başlanğıcdır. Sizin Davosdakı çıxışınız ölkəni dəyişmək və yeni islahatlara başlamaq üçün çox aydın mesaj idi”.

Son xəbərlər

Orphus sistemi