Azərbaycan nümayəndəliyi ermənilərin Tərtərdə toy mərasimini atəşə tutması ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb

Azərbaycan nümayəndəliyi ermənilərin Tərtərdə toy mərasimini atəşə tutması ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb Məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
Xarici siyasət
13 Oktyabr , 2015 15:34
Azərbaycan nümayəndəliyi ermənilərin Tərtərdə toy mərasimini atəşə tutması ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanın BMT yanındakı nümayəndəliyi Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən Tərtər rayonunun Qapanlı kəndində keçirilən toy mərasimini atəşə tutması ilə əlaqədar BMT baş katibinə məktub ünvanlayıb. 

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Məktubda 1 sentyabr 2015-ci il tarixində Ermənistanın Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki mövqeyindən məqsədli şəkildə Tərtər rayonunun Qapanlı kəndində keçirilən toy mərasiminin atəşə tutulması nəticəsində bir azyaşlı uşaq da daxil olmaqla, üç mülki şəxsin yaralandığı bildirilib.

Məktubda Ermənistan Silahlı Qüvvələri tərəfindən toy mərasiminin atəşə tutulması, birbaşa mülki şəxslərin hədəfə alınmasının Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olduğu bildirilir və beynəlxalq cinayət hüququna əsasən hərbi cinayət olduğu qeyd edilib.

Ermənistan tərəfindən mülki şəxslərin atəşə tutulmasının yeni hal olmadığı qeyd edilərək, Azərbaycan Respublikasına qarşı davam edən təcavüz əsnasında Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərin öldürülməsi, əsirgötürmə, hərbi əsirlərə və girovlara qarşı qeyri-insani davranış və işğal edilmiş ərazilərdə etnik təmizləmə kimi bir çox cinayət əməllərinin törədildiyi haqqında məlumat verilir. Bu xüsusda Xocalı şəhərinin mülki sakinlərinə qarşı törədilmiş amansız qırğın faktı xüsusi vurğulanıb. 

Məktubda həmçinin bu kimi cinayətlərin təsadüfi olmadığı, Ermənistan tərəfindən irqi və etnik ayrı-seçkilik, nifrət və ərazi istilası kimi məkrli ideyalar əsasında yürüdülən sistemli siyasətin tərkib hissəsi olduğu bildirilir. Atəşkəs rejiminin mütəmadi şəkildə pozulması və mülki Azərbaycan əhalisinin silahlı hücumlara məruz qalmasının Ermənistanın münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmamasının əyani sübutu olduğu qeyd olunaraq, Ermənistanın əsl niyyətinin Azərbaycan ərazilərinin işğalını davam etdirmək və bütün vasitələrlə cari status-kvonu saxlamaq olduğu diqqətə çatdırılıb.

Sənəddə daha sonra bildirilib: “Mülki şəxslərin müdafiəsinin BMT Təhlükəsizlik Şurasının gündəliyində daim əsas məsələlərdən biri olması və beynəlxalq ictimaiyyətin mülki şəxslərin müdafiə dairəsini genişləndirmək və qırğınları azaltmaq istəyinin fonunda Ermənistan hüquqi öhdəliklərinə məhəl qoymur və mülki şəxslərin qətlini hədəfləyən siyasət yürüdür. Buna son qoyulmalıdır”.

Sənəddə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Ermənistanın cəzasızlığına son qoyulması üçün BMT Təhlükəsizlik Şurası tərəfindən qəti addımların atılmalı olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi