Yuxarı
    Bağlamaq

    Azərbaycan nümayəndə heyəti İsveçdə diaspor təmsilçilərimizlə görüşüb

    Dövlət müşaviri Kamal Abdullayev ölkəmizin inkişafından danışıb

    Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçə səfəri çərçivəsində ölkəmizin səfirliyində aparıcı diaspor təşkilatlarımızın təmsilçiləri ilə görüşüb.

    "Report"un xəbərinə görə, nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini icmasının sədri Gennadi Zelmanoviç və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov olub.

    Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov Stokholmda keçirilən “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfransın və nümayəndə heyətinin İsveçin dövlət rəsmiləri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib. Səfir İsveçdəki Azərbaycan diasporunun fəaliyyəti və səfirlik-diaspor əlaqələri barədə məlumat verib.

    Dövlət müşaviri Kamal Abdullayev ölkəmizin inkişafından danışıb. O, Azərbaycanın dünya sivilizasiyasının ən qədim beşiklərindən biri, coğrafi baxımdan mədəniyyətlərin qovuşuğunda yerləşən və dini tolerantlığın hökm sürdüyü mədəniyyət ölkəsi olmasını qeyd edib. Əsrlərdən bəri Azərbaycan ərazisində ayrı-ayrı millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasının ölkəmizin mədəni zənginliyi və müxtəlifliyinin bariz göstəricisi olduğunu vurğulayıb.

    Azərbaycan dövlətinin diaspor siyasətindən danışan Kamal Abdullayev bu siyasətin əsasında azərbaycançılıq ideyasının durduğunu, diaspor fəaliyyətinin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib. O, Azərbaycan Prezidentinin xarici ölkələrdəki diasporumuza mütəmadi dəstək verdiyini qeyd edib.

    Kamal Abdullayev Azərbaycan həqiqətlərinin İsveçdə daha geniş yayılması zəruriliyindən söz açaraq bu işdə diasporun üzərinə mühüm vəzifələrin düşdüyünü deyib.

    Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın müxtəlif xalqları və dinləri birləşdirən ölkə olduğunu, respublikamızda tam tolerantlıq və dini dözümlülüyün bərqərar olduğunu bildirib. O deyib: “Azərbaycan dövləti bütün etnik qrupların öz dillərini, dinlərini, mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamasına və inkişaf etdirməsinə hər cür qayğı göstərir. Ölkəmizdə sinaqoqlar, məbədlər, məscidlər və kilsələr dövlət dəstəyi ilə tikilir. “Bütün bunlara görə mən dəfələrlə ölkəmizin siyasətinin dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsinin şahidi olmuşam”, - deyə şeyxülislam əlavə edib.

    Azərbaycanın İsveçdəki diasporunun nümayəndələri bu görüşü yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, Azərbaycan dövlətinin və dini liderlərinin təmsilçilərinin İsveçə səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verəcək. Diaspor nümayəndələri Azərbaycan və azərbaycançılıq naminə bundan sonra daha fəal çalışacaqlarını bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi