"Azərbaycan müasir dünya nizamının əsas təşkilatçılarından birinə çevrilməkdədir" - RƏY

"Azərbaycan müasir dünya nizamının əsas təşkilatçılarından birinə çevrilməkdədir" - RƏY "Müasir dünya nizamında iki Avrasiya nəhəngi olan Türkiyə və Rusiya iddiaçıdır. Azərbaycan bu iki dövləti bir-birinə yaxınlaşdırdı. Beləliklə, Azərbaycan müasir dünya nizamının əsas təşkilatçılarından birinə çevrilməkdədir".
Xarici siyasət
140
13 Yanvar , 2022 16:43
Azərbaycan müasir dünya nizamının əsas təşkilatçılarından birinə çevrilməkdədir - RƏY

"Müasir dünya nizamında iki Avrasiya nəhəngi olan Türkiyə və Rusiya iddiaçıdır. Azərbaycan bu iki dövləti bir-birinə yaxınlaşdırdı. Beləliklə, Azərbaycan müasir dünya nizamının əsas təşkilatçılarından birinə çevrilməkdədir".

Bunu “Report” a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi, Ukrayna məsələsi, Qazaxıstan olayları, Çinlə gərginliklər, İran ətrafında baş verənlər, Balkanlardakı qarşıdurma, Şərqi Avropanın çox həssas hərbi-siyasi vəziyyəti isə bölgəmizdə yeni dünya nizamının komponentləridir: "Bizim Rusiya, Türkiyə və İranla qonşu olmağımız, Avropa ilə Asiya arasında körpü rolunu oynamağımız, Böyük Britaniya ilə Çin arasındakı “Bir kəmər, bir yol” layihəsində çox mühüm strateji məntəqələrdən birini təşkil etməyimiz Azərbaycanın yeni dünya nizamında aparıcı dövlətlərdən biri olmasını şərtləndirir. Bizim Britaniya və Çinlə münasibətlərimiz ən yüksək səviyyədədir. Azərbaycan eyni zamanda maliyyə böhranında boğulan İran üçün “nəfəslik” rolunu oynayır".

Ekspert vurğulayıb ki, Azərbaycan Ermənistan üzərindəki qələbə ilə beynəlxalq aləmdə ciddi təsir imkanları olan erməni lobbisinə dərs verib: "Nəticədə yeni beynəlxalq münasibətlərdə Ermənistanın yerini müəyyənləşdirdik. Biz artıq həm də Mərkəzi Asiyadakı hərbi-siyasi proseslərə təsir imkanına malikik. Həmçinin Qarabağ müharibəsində qalib gəlməyimiz, torpaqlarımızı geri almağımız nəticəsində Çinlə Britaniya arasındakı beynəlxalq yolun müəyyən hissələrində sülhü təmin etdik. Eyni zamanda məlumdur ki, 2016-cı ildə Türkiyə qırıcısının vurulmasından sonra Rusiya ilə münasibətlər müharibə həddinə çatmışdı. Rəsmi Bakı isə İlham Əliyevin diplomatik məharəti nəticəsində Ankara ilə Moskva arasında, az qala, ittifaq yarada bildi".

Ə.Əlibəylinin fikrincə, yeni dünya düzəninin formalaşması müasir dövrün tələbidir və 1945-ci ildə BMT yaradılandan sonra yeni dünya nizamı formalaşıb: "Sonra başqa hadisələr oldu, o cümlədən “Soyuq müharibə” başladı. 2000-ci illərdə təkqütblü dünyanın yaranmağa başlaması, 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsi, Gürcüstan müharibəsi, Çinin yeni səviyyəyə çatması, sürətli silahlanma, müasir ekoloji problemlər, pandemiya və onun siyasi təsirləri isə müasir dünya nizamının elementləridir. Hazırda planetdə qütbləşmə gedir və 3 əsas güc mərkəzi var: Rusiya, ABŞ və Çin. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya 5-dən böyükdür” bəyanatının arxasında da məhz yeni dünya nizamının ştrixləri dayanırdı. Çünki beynəlxalq münasibətlər sistemində təkcə beş böyük dövlətin deyil, digərlərinin də təsir imkanları var. Onlara misal olaraq, Türkiyəni, Mərakeşi, İndoneziyanı, Braziliyanı, Nigeriyanı, Cənubi Afrika Respublikasını və başqalarını göstərmək olar".

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziyalara müsahibəsində Azərbaycanın yeni dünya düzənindəki rolundan danışıb. Dövlət başçısı bizim müasir dünya nizamında təşəbbüs göstərən ölkələrdən biri olacağımızı deyib. Prezident bildirib ki, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək.

Son xəbərlər

Orphus sistemi