Azərbaycan parlamentariləri Moskvada keçirilən “Neokolonializmin müasir təzahürlərinə ilə mübarizə” forumunda iştirak ediblər.
“Report”un Rusiya bürosunun məlumatına görə, "Vahid Rusiya" partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq forum bu gün Rusiya paytaxtında başlayıb və fevralın 17-də başa çatacaq.
Qeyd edək ki, tədbirdə 50-yə yaxın ölkədən 60 siyasi partiya və ictimai-siyasi təşkilatı təmsil edən 200-dən çox nümayəndə iştirak edir. Forumda ölkəmizi Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov təmsil edirlər.
“Neokolonializmin hazırki dövrdə təzahürləri müstəqil dövlətlərin işlərinə müdaxilə, suveren hüquqların pozulması kimi formalarda özünü biruzə verir. 30 il ərzində biz ayrı-ayrı dövlətlərin, ilk növbədə Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərini müşahidə etmişik. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, heç kim bizi yolumuzdan dönməyə məcbur edə bilməz və Azərbaycan Cənubi Qafqaz regionunda yeni əməkdaşlıq platformasının inkişafı strategiyasını ardıcıl şəkildə həyata keçirəcək”, - deputat Nizami Səfərov bildirib.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan Vətən müharibəsində qələbə çaldıqdan sonra bir sıra dövlətlər Ermənistanı regionda neokolonial siyasət aparan alətə çeviriblər: “Ermənistan bütün mövcud məsələləri, xüsusən də sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyasını danışıqlar masası arxasında həll etmək əvəzinə, qeyri-konstruktiv siyasətini davam etdirir”.