​Azərbaycan jurnalistləri Polşanın İdman və Turizm Nazirliyində olublar

​Azərbaycan jurnalistləri Polşanın İdman və Turizm Nazirliyində olublar Görüşdə Avropa Oyunlarının keçirilməsinin Avropa üçün vacibliyi qeyd olunub
Xarici siyasət
23 May , 2015 07:32
​Azərbaycan jurnalistləri Polşanın İdman və Turizm Nazirliyində olublar

Varşava. 23 may. REPORT.AZ/ Polşada səfərdə olan bir qrup azərbaycanlı jurnalist bu ölkənin İdman və Turizm Nazirliyində olublar.

"Report"un Polşaya ezam olunmuş müxbiri xəbər verir ki, nazirlikdə baş tutan görüşdə Polşanın idman və turizm üzrə dövlət katibinin müavini Dorota İdzi nazir Anjey Biernatın adından qonaqları salamlayıb.

Qarşıdan gələn 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa Oyunlarından danışan D.İdzi onların keçirilməsinin Avropa üçün vacibliyini vurğulayıb.

D.İdzi, həmçinin bildirib ki, Avropa Oyunlarında aralarında tanınmış idmançıların da olduğu 220-yə yaxın polşalı atlet iştirak edəcək. Bundan əlavə, o əlavə edib ki, Bakıya Polşanın idman və turizm nazirinin müavini Maqdalena Kruç da gələcək və o, Avropa Oyunları çərçivəsində Polşa Günündə iştirak edəcək.

Öz növbəsində sözügedən nazirliyin Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Orşuna Yankovska qeyd edib ki, Bakıda Avropa Oyunları üçün yaradılan infrastruktur idmançıların bütün tələbatlarına cavab verir.

Görüşdə, həmçinin idman infrastrukturu məsələləri üzrə direktor Aleksandra Kuçinska, Ekstremal İdman Növləri Departamentinin direktoru Adam Sorok, Polşanın İdman və Turizm Nazirliyinin Tərəqqi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rafal Vilçkovski, nazirliyin mətbuat katibi Anna Mıtko da iştirak ediblər.

Eyni zamanda, Azərbaycan jurnalistləri Polşanın Xarici İşlər Nazirliyində olublar və burada Avropa Oyunlarına hazırlıq prosesini, həmçinin ikitərəfli münasibətlərin səviyyəsini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi