Yuxarı
    Bağlamaq

    Azərbaycan, İran və Türkiyə XİN başçılarının Bakı Bəyannaməsinin mətni açıqlanıb

    © Report/ Firi Salim

    Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin mətni açıqlanıb.

    Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə üç dövlətin xarici işlər nazirlərinin beşinci üçtərəfl görüşü dekabrın 20-də Bakı şəhərində keçirilib.

    Nazirlər xarici işlər nazirlərinin bundan əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar Bəyannaməsindəki öhdəliklərini vurğulayıbar;

    Regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq ediblər;

    Xüsusilə iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini xüsusi qeyd ediblər;

    Regionda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlarını xüsusi vurğulayıblar və bu konteksdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini qeyd ediblər;

    Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyini bir daha qeyd ediblər;

    Müxtəlif səviyyə və platformalarda, habelə BMT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimadın Yaradılması Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsini razılaşıblar;

    Əl-Qüds Əl-Şəriflə əlaqədar 13 dekabr 2017-ci il tarixində İstanbulda keçirilmiş İƏT-in Fövqəladə Sammitinin bəyannaməsini və yekun komunikesini alqışlayıblar;

    İqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi, sərmayə və ticarətin təşviqi naminə mövcud potensialdan istifadə, o cümlədən enerji, nəqliyyat, bankçılıq, telekomunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstək verilməsinə razılaşıblar;

    Beynəlxalq tranzit dəhlizləri və coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialının artırılması, eləcə də beynəlxalq tranzit sisteminə inteqrasiya etmək üçün əhəmiyyətli addımların atılmasını xüsusi vurğulayaraq, nəqliyyat infrasturukturunun inkişafı və tranzit potensialının artrırılması naminə yeni layihələrin həyata keçirilmısi üçün əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər;

    Sosial-iqtisadi inkişaf naminə Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olan genişmiqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibliyini xüsusi vurğulayaraq “Şərq-Qərb”, “Cənub-Qərb”, “Şimal-Cənub” maşrutlarında üç ölkənin tranzit potensialdan istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini alqışlayıblar, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini qeyd ediblər;

    Mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsi, eləcə də üç ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyətini vurğulayıblar;

    Neft, qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına hazır olduqlarını ifadə ediblər;

    Üç ölkənin bank şəbəkəsi arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, habelə beynəlxalq bankçılıq prosedurları, həmçinin, çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi üzrə təcrübə və informasiyanı paylaşmağa razılaşıblar;

    Regionda rəqəmsal uçurumların aradan qaldırılması məqsədilə informasiya strukturunun yaradılması və idarə edilməsi üçün üç ölkə arasında davam edən əməkdaşlığın əhəmiyyətini vurğulayıblar;

    Qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın zəruriliyini, bu təşkilatların diqqətini ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, kommunikasiya və enerji sahəsi kimi prioritet sahələrə cəlb edilməsi, eləcə də bu institutlar tərəfindən üç ölkənin ümumi marağında olan layihələrin həyata keçirilməsinin təşviq edilməsi və dəstək göstərilməsini qeyd ediblər;

    2015-ci ilin sentyabr ayında BMT tərəfindən qəbul edilən 2030 dayanıqlı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin pozulmasının azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd ediblər;

    Beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsinə razılaşıblar və bu mənada EXPO 2025-in Azərbaycan Respublikasında keçirilməsi üçün Bakının namizədliyini alqışlayıblar;

    Etnik, irqi, dini və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarını pisləyərək müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülüyün tərbiyyə edilməsi, hörmət, dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edərək 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Aliansının 7-ci Qlobal Forumunun əhəmiyyətini xüsusi qeyd ediblər;

    Terrorizm, separatizm və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər; İran İslam Respublikasının təşəbbüsü ilə “Dünya ekstremizm və zorakı ekstremizmə qarşı” başlıqlı BMT Baş Assambleyasının A/RES/68/127 nömrəli qətnaməsini qeyd ediblər;

    Öz ərazilərindən hər hansı bir insan və ya şəxsi qrupların istənilən nəticələr altında, bir-birinə qarşı istənilən təhlükə və fəaliyyətə qarşı istifadə etməsinə icazə verməyəcəklərini qətiyyətlə bəyan ediblər; separatizmə xarici dəstəyi kəskin şəkildə qınayıblar;

    Milli və beynəlxalq səviyyədə insan hüquqlarının təşviqi və müdafiəsi üzrə öhdəliklərini vurğulayıblar və bəyan ediblər ki, dünyada bütün insanların hüquqlarının təşviq və müdafiəsinə əməkdaşlıq və dialoq vasitəsilə daha yaxşı nail olmaq olar;

    Çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) əhəmiyyətini vurğulayıblar; etiraf ediblər ki, JCPOA-nın uğurla yerinə yetirilməsi JCPOA-da təmin olunan faydalardan tam yararlanmaq məqsədilə onlara icazə verilməsi üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsini tələb edir; BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi İran İslam Respublikasının JCPOA-da öhdəliklərinə əməl etməsini nəzərə alaraq, bütün BMT üzvlərinə JCPOA-in həyata keçirilməsinə töhfə verəcəklərinə dair öhdəliklərini xatırladıblar;

    İslam Dünyasının qarşılaşdığı çağırışlara qarşı durmaq məqsədilə İslam həmrəyliyinin təşviq edilməsinin əhəmiyyətini qeyd ediblər və islam qardaşlığının, anlayış və dözümlülüyün gücləndirilməsi üçün daha fəal və səmərəli əməkdaşlıq edilməsi niyyətini ifadə ediblər. Bu xüsusda, İslam mədəniyyəti və dünyada mənəvi dəyərlərin təşviqi baxımından 2017-ci il 12-22 may tarixlərində Bakıda yüksək səviyyədə keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini qeyd ediblər.

    Bundan əvvəlki görüşlərdə qəbul olunan qərarların, o cümlədən 2016-2018-ci illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planının təqib edilməsinin əhəmiyyətini vurğulayıblar;

    Üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin əhəmiyyətini bir daha qeyd ediblər;

    Növbəti görüşün Türkiyədə keçirilmısinə dair razılığa gəliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi