Azərbaycan Fransaya nota verib

Azərbaycan Fransaya nota verib Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
Xarici siyasət
20 May , 2015 16:26
Azərbaycan Fransaya nota verib

Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Fransaya nota verib. Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye mayın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfov diplomata etiraz notası təqdim edib. 

H.Hacıyev bildirib ki, səfirin Xarici İşlər Nazirliyinə çağrılması və notanın verilməsi Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin Fransaya səfəri ilə bağlı olub: "Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin nümayəndəsi Bako Saakyan və onu müşayiət edən şəxslərin mayın 17-dən 19-dək Fransada səfərdə olublar. Bununla bağlı Fransanın Azərbaycandakı səfiri Paskal Mönye mayın 20-də Xarici İşlər Nazirliyinə çağırılıb və xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə etiraz notası təqdim edib.

Nazir müavini Xələf Xələfov bu kimi faktların, eləcə də Fransa Milli Məclisinin deputatlarının bu ilin mayın 3-də qondarma rejimin “parlamenti”nə keçirilmiş “seçkilər”də “müşahidəçi” kimi iştirakının Azərbaycan ilə Fransa arasında inkişaf etməkdə olan dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna, eləcə də Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun gəlmədiyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xələl gətirdiyi qeyd edib. 

İkili standartların təzahürü kimi qiymətləndirilən bu kimi halların Azərbaycan ilə Fransa arasındakı münasibətlərin mövcud vəziyyətinə də mənfi təsir etdiyi diqqətə çatdırılıb".

Səfir Paskal Mönye təqdim olunan notanın və Azərbaycanın ciddi narahatlığının ölkəsinə çatdırılacağını bildirib. 

Son xəbərlər

Orphus sistemi