​Azərbaycan Efiopiya ilə turizm sahəsində əməkdaşlıq edəcək

​Azərbaycan Efiopiya ilə turizm sahəsində əməkdaşlıq edəcək Səfir Elman Abdullayev bu ölkənin mədəniyyət və turizm naziri ilə görüş keçirib
Xarici siyasət
27 İyul , 2015 13:30
​Azərbaycan Efiopiya ilə turizm sahəsində əməkdaşlıq edəcək

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiyanın mədəniyyət və turizm naziri Əmin Əbdülqadir ilə görüş keçirib. Bu barədə “Report”a Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.

Görüş zamanı səfir E.Abdullayev Azərbaycan haqqında geniş məlumat verərək, Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurları və ölkənin regionun aparıcı turizm mərkəzinə çevrildiyini efiopiyalı rəsminin diqqətinə çatdırıb. Səfir E.Abdullayev Azərbaycanda turizmin inkişafı və turistlərin cəlb edilməsi üçün ölkədə ən müasir turizm infrastrukturunun yaradıldığını və o cümlədən dünyanın tanınmış mehmanxana şəbəkələrinin ölkəmizdə mövcud olduğunu bildirib. Diplomat qədim diyar olan Azərbaycanda regionun ən qədim və zəngin maddi-mədəni və dini abidələrinin yerləşdiyini qeyd edib. Səfir Azərbaycanın bir çox mötəbər, beynəlxalq miqyaslı tədbirlərə və xüsusilə ilk Avropa Oyunlarına ev sahiblik etməsinin ölkənin mühüm beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olduğunu bildirib.

Görüş zamanı nazir Əmin Əbdülqadir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkənin böyük uğurlara imza atdığını qeyd edərək, Azərbaycanın sürətlə inkişaf etdiyini və qısa bir zaman ərzində dünyada inkişaf etmiş bir ölkə kimi tanındığını vurğulayıb. Efiopiyalı nazir ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu və həm turizm həm də mədəniyyət sahələrində əməkdaşlığın aparılması üçün böyük potensialın mövcud olduğunu bildirib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın aparılması və inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması və hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi