Yuxarı
    Bağlamaq

    XİN başçısı: "Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini tam dəstəkləyir"

    Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclasında çıxış edib

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclasında çıxış edib.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, nazir çıxışında deyib ki, dinə və ya etiqada əsaslanan dözümsüzlüyün, ayrı-seçkiliyin və şiddətin artmaqda olduğu müasir dünyada mədəniyyətlərarası və ya dinlərarası dialoq dözümlülüyün, davamlı sülhün, stabilliyin və inkişafın təşviq edilməsinin ən əhəmiyyətli vasitələrindən birinə çevrilib: "BMT-nin Sivilizasiyalar Alyansı ölkələr, mədəniyyətlər və sivilizasiyalar boyunca dözümlülüyün, sülhün və qarşılıqlı anlaşmanın təşviqi üçün qlobal dialoq və əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.

    Azərbaycan bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük önəm verir və bu məqsədlə BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini tam dəstəkləyir.

    Şərqlə Qərbin kəsişməsində yerləşən və bununla da hər iki sivilizasiyanın dəyərlərini qoruyub saxlayan Azərbaycan sivilizasiyalar arasında yalnız coğrafi körpü rolunu deyil, həmçinin mədəniyyətlərarası körpü rolunu da oynayır. Biz ölkəmizin mədəni müxtəlifliyini ona dinlərarası və mədəniyyətlərarası dialoqu və anlaşmanı təşviq etməyə töhfə verən və etnik və dini müxtəlifliyi dəstəkləməyə və icmalar arasındakı əlaqələri inkişaf etdirməyə geniş imkan verən güc və üstünlük hesab edirik".

    Nazir xatırladıb ki, Azərbaycan 2016-cı ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Yeddinci Qlobal Forumunun Bakı şəhərində keçirilməsini planlaşdırır: "Bu tədbirin real nəticələr verəcəyinə ümid edirik.

    Habelə, Azərbaycan bütün dünyada mədəni müxtəliflik ideyalarının yayılması məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürüb. Biz 2011-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, YUNESKO, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və İSESKO ilə tərəfdaşlıq çərçivəsində eyni zamanda “Bakı prosesi” kimi tanınan üç “Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu” təşkil etmişik.

    Son olaraq mən bizim bugünkü iclasımızın stereotiplərin və anlaşılmazlığın öhdəsindən gəlməyə yönəlmiş səylərə əhəmiyyətli töhfə verəcəyindən və fərqli mədəniyyətlərin və dinlərin nümayəndələri arasında ədavəti azaltmaqla dialoqu, anlaşmanı və qarşılıqlı hörməti təşviq edəcəyindən əminliyimi bildirmək istəyirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi