Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov Bişkek yaxınlığında təyyarənin qəzaya uğraması ilə əlaqədar Qırğızıstanın Bakıdakı səfirliyində bu gün açılan xatirə kitabına başsağlığını qeyd edib.
"Report" Qırğızıstan səfirliyinə istinadən xəbər verir ki, Y.Eyyubov faciə ilə əlaqədar başsağlığı verib.
Qeyd edək ki, xatirə kitabı səfirlikdə yanvarın 17-də saat 10:00-dan 17:00-dək, yanvarın 18-də isə saat 10:00-dan 14:00-dək açıq olacaq.
17 yanvar Qırğızıstanda matəm günü elan edib.
Xatırladaq ki, Honkonq - Manas reysi üzrə uçuş həyata keçirən Türkiyənin "ACT Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi eniş zamanı görüntü səviyyəsinin aşağı olması səbəbilə yaşayış evlərinin üzərinə düşüb. Hadisə nəticəsində azı 37 nəfər həlak olub. Təyyarə aeroporta 2 km məsafə qalmış qəzaya uğrayıb.