Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti Gənclər siyasəti üzrə I qlobal forumun rəsmi açılış mərasimində iştirak edib

    Dövlət başçısı açılış mərasimində nitq söyləyib

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda – Heydər Əliyev Mərkəzində Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimi olub. “Report”un xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

    Dövlət başçısı açılış mərasimində nitq söyləyib.

    Forumun Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirən prezident İlham Əliyev qeyd edib ki, gənclər siyasəti, idman və həyatın bir çox sahələrinin inkişafına ölkədə xüsusi diqqət göstərilir.

    Əhalinin böyük əksəriyyətinin savadlılıq səviyyəsinin yüksək olduğunu, gənclər siyasəti ilə bağlı Dövlət proqramlarının qəbul edildiyini, dövlət büdcəsindən maliyyələşən Gənclər Fondunun fəaliyyət göstərdiyini deyən prezident İlham Əliyev ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığının sevindirici hal olduğunu diqqətə çatdırıb. Dövlət başçısı hər bir ölkənin gələcəyini müəyyən edən təhsilin inkişafına, informasiya-kommunikasiya texnologiyalarından istifadəyə Azərbaycanda da xüsusi əhəmiyyət verildiyini deyib. Hazırda Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı bir çox işlərin görüldüyünü bildirən prezident İlham Əliyev ölkə ali məktəblərinin də dünyanın nüfuzlu universitetləri ilə səmərəli əməkdaşlıq qurduqlarını qeyd edib.

    Dövlət başçısı vurğulayıb ki, ölkədə idmanın inkişafı da prioritet elan olunub. Azərbaycanın gənc idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər. Gələn il isə ölkə həyatında daha bir tarixi hadisə yaşanacaq, Bakıda 6 mindən çox idmançının iştirak edəcəyi ilk Avropa Oyunları keçiriləcək. Bundan əlavə, 2017-ci ildə Bakı İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu da ölkə mədəniyyətlər və sivilizasiyalar arasında mühüm körpü olduğunu göstərir. Bu, həm də uzun illərdir tolerantlıq məkanı olan ölkə müxtəlif mədəniyyətləri bir arada birləşdirməsindən irəli gəlir.

    Prezident İlham Əliyev bu gün Azərbaycan gəncliyinin müasir innovasiyaların inkişafında yaxından iştirak etdiyini, iki il əvvəl təqdim olunan “ASAN xidmət”in heyətinin də əsasən gənclərdən təşkil edildiyini diqqətə çatdırıb.

    Nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan prezident İlham Əliyev bildirib ki, Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxmasına dair 4 qətnamə qəbul etdiyini, lakin bunun hələ də yerinə yetirilmədiyini, münaqişənin yalnız beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmasının vacibliyini bildirib.

    Prezident İlham Əliyev 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üz qəbul olunan Azərbaycanın iki il ərzində fəal işlədiyini, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini vurğulayıb. “Bu, göstərdi ki, Azərbaycan beynəlxalq arenada böyük inam və etimad qazanıb” - deyən dövlət başçısı ölkənin yerləşdiyi regionda mühüm rol oynadığını, bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinin Azərbaycanın adı ilə bağlı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu gün nəhəng enerji və nəqliyyat layihələrinin həyata keçirildiyi Azərbaycanda demokratik təsisatların inkişafı ilə bağlı bir çox tədbirlər görülür.

    Prezident İlham Əliyev son illərdə dünyada artım sürətinə görə öndə gedən Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı görülən işlərdən də danışıb, bir çox sahələri əhatə edən uğurlu islahatların aparıldığını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi