Yuxarı
    Bağlamaq

    Azərbaycan Milli Məclisinin sədri Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək

    Nümayəndə heyəti sentyabrın 10-dan 13-dək Norveçin paytaxtı Oslo şəhərində səfərdə olacaqlar

    Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün sentyabrın 10-dan 13-dək Norveçin paytaxtı Oslo şəhərində səfərdə olacaq.

    Milli Məclisin mətbuat xidmətindən Report-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, MM Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
    Konfransda “Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi”, “Avropada demokratiya, suverenlik və təhlükəsizlik”, “Çoxluq və müxalifət – tarazlığın əldə olunması” mövzularında müzakirələr keçiriləcək. Nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
    Burada Milli Məclisin sədri Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.
    Səfər çərçivəsində Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev milli nümayəndə heyətləri baş katiblərinin görüşündə iştirak edəcək, tədbirdə qaldırılan məsələlərə öz münasibətini bildirəcək.
    Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə konfransda MDB Parlament Assambleyasının xətti ilə iştirak edəcək.
    Səfər çərçivəsində nümayəndə heyəti üzvlərinin Norveç Konstitusiyasının 200 illiyinə həsr olunmuş tədbirə qatılmaları da gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi