Yuxarı
    Bağlamaq

    Azərbaycanın daimi nümayəndəsi: "BMT Təhlükəsizlik Şurasının qətnamələri hər şeyi öz adı ilə çağırmalıdır"

    Yanaşmalar seçmə və ya siyasi motivli olmamalıdır

    Bakı. 22 avqust. REPORT.AZ/ "Son illər dövlətdaxili və dövlətlərarası münaqişələr arasındakı sərhədlər silinib". Report-un xəbərinə görə, bu barədə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanındakı daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında bildirib.

    Onun sözlərinə görə, mürəkkəb hadisələrə bir dövlətin separatçı rejiminin yaradılması və dəstəklənməsi yolu ilə digər dövlətin ərazisində münaqişənin qızışdırılmasında rolunu gizlətmək faktı daxildir.

    Azərbaycanın BMT yanında daimi nümayəndəsi bəyan edib ki, BMT Nizamnaməsinin 2-ci maddəsində qeyd olunduğu kimi, münaqişələrin qarşısının alınması mübahisələrin sülh yolu ilə tənzimlənməsi ilə sıx bağlıdır. Lakin əgər bir dövlət digər dövlətin ərazisinə güc tətbiq edərək zəbt edirsə, həmin prinsip Nizamnamənin 51-ci maddəsində təhkim olunmuş ayrılmaz özünümüdafiə hüququnu  azaltmamalıdır. "BMT Təhlükəsizlik Şurasının qətnamələri hər şeyi öz adı ilə çağırmalıdır, məsuliyyət haqqında əsas sualın həllində balans axtarmalı deyil" - deyə, Y.Əliyev bildirib.

    Onun fikrincə, həqiqətin müəyyənləşdirilməsi və sənədlərlə əsaslandırılması, cəzasızlıqla mübarizə, sözsüz ki, lazımdır, lakin belə yanaşmalar  seçmə və ya siyasi motivli olmamalıdır.  

    Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistan tərəfin Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqədar yaranıb. Bu gün Azərbaycanın 20% ərazisi - Dağlıq Qarabağ və yeddi ətraf rayonlar Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə hələ də icra olunmayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi