Yuxarı

Azəbaycanın Ukraynadakı səfiri Xarkova səfər edib

Eynulla Mədətli Xarkov iqtisadi konfransda iştirak edib, vilayətin qubernatoru, Azərbaycan diaspor fəalları və Milli qəhrəmanımızın ailəsi ilə görüşüb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli “İnnovasiyalar, Sərmayələr, Xarkov təşəbbüsləri” mövzusunda keçirilən 6-cı Xarkov beynəlxalq iqtisadi konfransında iştirak üçün Xarkov şəhərinə səfər edib. Səfirlikdən Report-a bildirilib ki, səfər Xarkov vilayətinin qubernatoru İqor Balutanın dəvəti əsasında baş tutub.

Konfransdan öncə səfir Xarkov vilayətinin qubernatoru ilə görüşüb, vilayətlə Azərbaycanın regionları arasında əlaqələr barədə fikir mübadiləsi aparıb. Qubernator Azərbaycan və Ukrayna arasında əlaqələrin vacibliyini qeyd edib, regionda və dünyada davam edən çətin siyasi şəraitdə Azərbaycanın Ukraynaya yüksək dəstək verdiyinə görə minnətdarlığını ifadə edib. O, Xarkov vilayətinin Azərbaycanla, xüsusilə Şəki bölgəsi ilə əməkdaşlığa diqqət verildiyini, turizm əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcud olduğunu bildirib. Səfir bu yaxınlarda Azərbaycan Respublikasının Xarkov şəhərində fəxri konsulu təyin olunmuş Əfqan Salmanovu qubernatora təqdim edib. Görüşdə Azərbaycanın Xarkov vilayətində diasporunun fəalı, “Dostluq” cəmiyyətinin sədri, Xarkov milli radioelektronika universitetinin xarici tələbələrlə iş üzrə dekanı, texniki elmlər doktoru professor Murad Ömərov da iştirak edib.

6-cı Xarkov beynəlxalq iqtisadi konfransının plenar iclasında “Azərbaycan-Ukrayna münasibətlərinin yeni inkişaf mərhələsi” mövzusunda çıxış edən səfir iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlıq məsələlərindən, həmçinin Azərbaycanın əldə etdiyi son iqtisadi nailiyyətlər və keçirilən mühüm tədbirlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. 

Xarkova səfər çərçivəsində səfir buradakı Azərbaycan diaspor fəalları ilə görüşüb, Xarkovun ali təhsil müəssisələrində oxuyan iki mindən artıq azərbaycanlı tələbənin təhsil və məişət şəraiti ilə maraqlanıb.

Səfir Azərbaycanın Xarkov şəhərindəki fəxri konsul Əfqan Salmanov və Xarkovdakı bir sıra Azərbaycan diaspor rəhbərləri ilə birgə Azərbaycanın milli qəhrəmanı Viktor Seryoginin Xarkovda yaşayan ailəsini ziyarət edib. Azərbaycan Silahlı Qüvvələrində pilot kimi xidmət etmiş Viktor Seryogin 1992-ci ilin 28 yanvar tarixində Qarabağda şəhid olub, Bakıda şəhidlər xiyabanında dəfn edilib. Viktor Seryoginin anası Qalina və bacısı Oksana Seryoginalar milli qəhrəmanın ailəsinə göstərilən yüksək dövlət qayğısına görə Azərbaycan prezidenti  İlham Əliyevə minnətdarlıqlarını yetirməyi xahiş ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi