Avstriya XİN başçısı Azərbaycana gələcək

Avstriya XİN başçısı Azərbaycana gələcək Elmar Məmmədyarov Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb
Xarici siyasət
23 Sentyabr , 2016 11:33
Avstriya XİN başçısı Azərbaycana gələcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi dialoqun intensiv xarakter daşıdığı və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirilib.

S.Kurz Azərbaycan hökuməti tərəfindən yaradılan biznes mühitini təqdir etdiklərini və Avstriya şirkətlərinin ölkəmizə sərmayə yatırtmaqda maraqlı olduğunu diqqətə çatdırıb. O, Avstriya Hava Yollarının Bakıya uçuşları bərpa etmək niyyətində olduğunu da qeyd edib.

E.Məmmədyarov Azərbaycanın Avstriya ilə iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu, bu xüsusda Avstriya sərmayəsinin ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib.

ATƏT-ə növbəti sədrlik edəcək ölkə kimi Avstriyanın mövcud münaqişələrin həllinə səylər göstərəcəyini bildirən S.Kurz, bu statusda Azərbaycana səfər etmək, ikitərəfli və çoxtərəfli formatda müxtəlif məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi