Avstraliyalı nazir: "Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik"

Avstraliyalı nazir: "Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik" Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili ilə bu ölkənin beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri arasında görüş olub
Xarici siyasət
2 iyun 2017 15:50
Avstraliyalı nazir: Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə və Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva ilə bu ölkənin beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells arasında görüş keçirilib.

Avstraliyalı nazirə Azərbaycanın siyasi-iqtisadi uğurları, energetika, nəqliyyat və digər sahələr üzrə regionda həyata keçirilən iri layihələr, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasəti barədə ətraflı məlumat verilib.

Azərbaycan nümayəndələri ədalətli mövqeyi və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsinə görə Avstraliyaya minnətdarlığını bildiriblər.

Konçetta Fierravanti-Uells Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklənməsi məsələsində Avstraliya hökumətinin dəyişməz mövqeyini bir daha vurğulayıb. O, həmçinin Azərbaycanla həm siyasi, həm də ticarət-iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsində böyük maraq ifadə edib və dövlətlərarası münasibətlərin vacib hissəsi sayılan parlamentlərarası münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər həmçinin Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindən sayılan qeyri-neft sektorunda əməkdaşlıq perspektivlərini müzakirə edib. Kənd təsərrüfatı, turizm, İT kimi sahələrdə əməkdaşlıq və Avstaliyanın təcrübəsindən yararlanmağın vacibliyi vurğulanıb.

Bundan başqa, Azərbaycanın multikulturalizm və tolerantlıq siyasəti barədə məlumat verilib. Konçetta Fierravanti-Uells Avstraliya multikulturalizm nazirinin keçmiş müavini olaraq müasir dünyada multikulturalizm dəyərlərinin təbliğ olunmasının vacibliyini anladığını qeyd edib və Azərbaycanın bu istiqamətdə səylərini dəstəkləyib.

Qeyd olunub ki, bu il Azərbaycan ilə Avstraliya arasında diplomatik münasibətlərin 25 ili tamam olur, eləcə də münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı üçün qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi