Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi? - MƏQALƏ

Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi? - MƏQALƏ Azərbaycan mövcud mürəkkəb geosiyasi reallıqlar fonunda bütün diplomatik vasitələri öz perspektivinə çevirə bilir
Xarici siyasət
23 iyun 2020 08:59
Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi? - MƏQALƏ

"Report" Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Könül Nurullayevanın Ednews.net nəşrinə hazırladığı məqaləni təqdim edir

Son vaxtlar Avropa İttifaqının bütün institutlarında ərazi bütövlüyü və milli suverenlik məsələsinə münasibətdə vahid yanaşmaya istiqamətlənmə müşahidə olunur. Təkcə bu il Avropa İttifaqının ayrı-ayrı rəsmi və səlahiyyətli qurumları səviyyəsində 3 fundamental sənəd qəbul olunub ki, onların da hər birində ərazi bütövlüyünə hörmət və sadiqlik ifadə olunur. Eyni zamanda Aİ-nin xüsusilə Azərbaycana münasibətdə “ərazi bütövlüyü” anlayışının konkret parametrləri açıqlanır. Aydın olur ki, Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər - yəni Dağlıq Qarabağ regionu ilə birlikdə olan ərazini nəzərdə tutur. Bu da nəticə etibarı ilə həmin sənədlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində hüquqi bazanın möhkəmlənməsinə xidmət edir. Belə ki, Aİ Xarici İşlər Nazirləri Şurasının 11 may 2020-ci il tarixində qəbul etdiyi “Şərq Tərəfdaşlığının gələcəyi ilə Yekunlar” sənədində Aİ ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq hüquqa olan sadiqliyini ifadə edib. Təsadüfi deyil ki, məhz bu sənədin qəbulundan sonra təşvişə düşən erməni analitiklərin dolaşıq və təzadlı təhlillərində guya Qərbin razılığı ilə Azərbaycanın hərbi əməliyyatlara başlayacağına dair müharibə anonsları yer almağa başladı. Ardınca, 28 may 2020-ci il tarixində isə BMT Təhlükəsizlik Şurasının BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzusunda video-konfransı zamanı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel milli suverenlik və ərazi bütövlüyünün dəstəklənməsinin Aİ-nin ŞT ölkələri ilə münasibətlərinin əsas elementləri kimi qalacağını bəyan etdi. 2020-ci il iyunun 10-da Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi xanım Zelyano Zovkonun imzası ilə hazırlanan Ermənistan və işğal olunmuş Dağlıq Qarabağı birləşdirəcək üçüncü magistral yol ilə bağlı bəyanatda isə Ermənistana xəbərdarlıq edilir. Ermənistan Paşinyanın separatçı yol “strategiyası”nın əleyhinə olan və soyuq duş effekti yaradan bu sənədin təsirindən çıxmadan, 10 gün sonra Avropa Parlamenti daha konkret və prinsipial sənəd qəbul etdi. İyunun 19-da qəbul edilən – “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti / Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə Ali Nümayəndəsinə tövsiyə” adlı qətnaməsində isə “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələblər”inə istinad edilir. Sonuncu sənəddə Avropa İttifaqının sırf ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini əks etdirən bir sıra ciddi bəndlər yer alıb -ilk növbədə erməni silahlı birləşmələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb. Həmçinin “Şərq Tərəfdaşlığı” ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi ucbatından pozulduğu qeyd olunub.

Xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasına dair çağırış edilir. Bu çağırış, ərazilərində işğalçı qoşunların dislokasiya edildiyi “Şərq Tərəfdaşlığı”nın iştirakçılarına aiddir.

Ən vacib məqam - sənəddə məhz xarici təcavüz nəticəsində baş verən münaqişələr zamanı insan haqlarının kobud şəkildə pozulduğu xatırladılır. Yəni əsas vurğu, Ermənistanın təcavüz və işğal siyasətinin qurbanı olan Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına vurulur. Bununla da erməni tərəfinin paranoid xarakterli iddiası - “Dağlıq Qarabağ xalqı”nın(?) öz müqəddəratını təyinetmə prinsipi ətrafında manipulyasiyası üçün nəfəs yeri qalmır. Qətnamənin daha bir bəndində isə qeyd olunur ki, əgər könüllü olaraq ilkin mövqelərə, yəni dövlət sərhədindən kənara çəkilməsələr, işğal olunmuş ölkənin qəbul edilmiş və bu gündən etibarən Avropa İttifaqı tərəfindən dəstəklənən öz ərazi bütövlüyünü güc yolu ilə təmin etmək hüququ var. Bu isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün variantlardan istifadə hüququna verilən dəstəkdir.

Bununla belə, yaddan çıxarmaq olmur ki, Avropa İttifaqı bu vaxta qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox məsuliyyətdən yaxasını kənara çəkmək, bütün məsuliyyəti ATƏT-in “Minsk üçlüyü”nün üzərinə yıxmaqla seçilib. Həm də yalnız bununla yox, Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq, Cənubi Qafqaz regionundakı oxşar münaqişələrə daha obyektiv münasibət sərgiləməklə. Yəni, Aİ-nin münaqişlərə selektiv yanaşması tez-tez rəsmi Bakını məyus edib. Halbuki Azərbaycan Avropa İttifaqına münasibətdə hər zaman etibarlı tərəfdaş qismində çıxış edib. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir, eyni zamanda Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmiz Avropa İttifaqının milli təhlükəsizliyə bərabər sayılan enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan Aİ-yə üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Elə hazırda Aİ Şurasına sədrlik edən məhz bu strateji tərəfdaşlardan biri – Xorvatiyadır. Bu ölkənin baş naziri Andrey Plenkoviç öz çıxışlarının birində "Xorvatiya Avropa Birliyinə yaxınlaşmaq istəyən ölkələrin ambisiyalarına güclü dəstək verməklə Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında münasibətlərin daha da inkişafını dəstəkləyir. Bu mənada Şərq Tərəfdaşlığı ölkələrinin hər birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət vacibdir, xüsusən bir sıra dondurulmuş münaqişələr kontekstində” söyləməklə Ermənistanın işğal siyasətinin Şərq Tərəfdaşlığı ilə ziddiyyət təşkil etdiyini vurğulamış oldu ki, bu da əslində Avropa Birliyinin mövqeyi kimi qəbul olunur.

Xorvatiyanın Aİ Şurasının sədri kimi bu ədalətli və prinsipial mövqeyinə Bakı-Zaqreb strateji tərəfdaşlıq prizmasından baxdıqda tam aydın olur ki, dövlətlərarası münasibətlərdə strateji tərəfdaşlıq qarşılıqlı şəkildə milli maraqların adekvat və praqmatik təmin olunması ilə xarakterizə edilir. Strateji tərəfdaş həm də qlobal problemlərin həllində əsas rol oynayan aktor olmalıdır. Biz 25 illik tarixi olan Azərbaycan-Xorvatiya münasibətlərində bunun real nəticəsini görürük.

Beləliklə, Avropa İttifaqının son vaxtlar milli suverenlik və ərazi bütövlüyü məsələsi ilə bağlı daha obyektiv mövqe sərgiləməsi, vaxtı ilə Azərbaycanı tənqid edən şəxslərin imzası ilə qəbul edilən dəstək sənədləri, strateji tərəfdaşların beynəlxalq müstəvidə ölkəmizə dəstəyi onu deməyə əsas verir ki, “orta güc” (middle_power) kimi Azərbaycan mövcud mürəkkəb geosiyasi reallıqlar fonunda bütün diplomatik vasitələri öz perspektivinə çevirə bilir. Məhz Azərbaycan təcrübəsinə əsaslansaq - ağıllı xarici siyasət dövlətin strateji vəzifələrini və dünyadakı real vəziyyəti uzlaşdıraraq, mövcud olan bütün imkanlardan çevik və maksimum effektiv istifadə etmək bacarığıdır.

Son xəbərlər

Orphus sistemi