Yuxarı

Brüsseldə “Avropa və İslam aləmi: birləşdirən dəyərlərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Tədbirdə İƏT-in baş katibi İyad əl-Mədəninin konfrans iştirakçılarına ünvanladığı təbrik müraciəti səsləndirilib

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə “Avropa və İslam aləmi: birləşdirən dəyərlərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. 

“Report“un məlumatına görə, İslam Konfransı Gənclər Forumu və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı və Böyük Britaniyanın LINKS təşkilatı ilə tərəfdaşlıq çərçivəsində baş tutan konfransın işində Avropa Parlamentinin deputatları, BMT, Avropa Birliyi və İslam Əməkdaşlıq Təşkilatının yüksək səviyyəli təmsilçiləri, Brüsseldə akkreditə olan diplomatik korpus, eləcə də müxtəlif “beyin mərkəzləri” və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Konfransın açılış mərasimində çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir tədbiri səciyyələndirən mühüm amil kimi onun Avropada etnik və dini zəmində son dövrdə cərəyan edən neqativ hadisələrdən sonra Avropa ilə İslam aləmi arasında körpülərin qurulmasına yönəlik ilk geniş tədbir olduğunu qeyd edib. O, konfransın qitədə İslamofobiyanın yeni dalğasına qarşı başladılan uğurlu addım olacağına inamını ifadə edib. Ali nümayəndə eyni zamanda konfransın 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna hazırlıq müzakirələrinin vacib elementi olduğunu bildirərək, Azərbaycanın bu mühüm tədbirə ev sahibliyini dövlətin Qərblə İslam dünyası arasında səmimi dialoqun yaradılması istiqamətində səylərinin bariz nümunəsi olduğunu vurğulayıb.

İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov çıxışında konfransın əsas məqsədinin Avropa strukturları ilə İƏT strukturları arasında dialoqun canlandırılmasına; Avropada təhlükəli həddə çatmış İslamofobiya və gənc müsəlmanlar arasında radikallığın artması kimi tendensiyalara qarşı birgə mübarizə yollarının araşdırılmasına yönəldiyini qeyd edib. Radikalizm və İslamofobiyaya qarşı mübarizədə kompleks yanaşmanın vacibliyini qeyd edən natiq bəzi Qərb qurumlarının İƏT ölkələrinə qarşı ikili standartlarını da İslamofobiyanın artmasına xidmət edən amil kimi dəyərləndirib.

Tədbirdə İƏT-in baş katibi İyad əl-Mədəninin konfrans iştirakçılarına ünvanladığı təbrik müraciəti səsləndirilib.

Konfrans iştirakçılarına müraciət edən Avropa Komissiyasının nümayəndəsi Canos Kendernau, Avropa Parlamentinin deputatı David Borelli və digər natiqlər Avropa qitəsində narahtlıq doğuran İslamofobiya meyllərinin aradan qaldırılması məqsədilə konkret təkliflərlə çıxış ediblər.

İki ayrı panel ətrafında işini davam etdirəcək konfransda İslamofobiya ilə yanaşı, anti-semitizm, ksenofobiya kimi inanc qaynaqlı ictimai problemlərin təhlili, bu problemlərin Avropada insan haqları, inanc azadlığı və demokratiyanın perspektivlərinə neqativ təsiri; sözügedən tendensiyalara qarşı siyasi, ictimai və KİV səviyyəsində mübarizə aparılması kimi mövzuların müzakirəsi gözlənilir.

Konfransın sonunda mədəniyyətlərarası dialoq sahəsində Avropanın fəal qurumlarının təmsilçilərindən ibarət platformun yaradılması və fəaliyyət planının hazırlanması məqsədilə işçi qrupun formalaşması, həmçinin konfransda səslənən təhlili məruzələr və təkliflərdən ibarət hesabatın BMT, AB və İƏT-ə təqdim olunması nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi