Deputat: "Azərbaycanın heç bir Avropa təşkilatına ehtiyacı yoxdur"

Deputat: "Azərbaycanın heç bir Avropa təşkilatına ehtiyacı yoxdur" "Bəzi dairələrdə belə bir fikir var ki, kiminsə dediyi ilə oturub durmalıyıq, bu tamamilə səhv yanaşmadır"
Xarici siyasət
6 İyul , 2015 13:20
Deputat: Azərbaycanın heç bir Avropa təşkilatına ehtiyacı yoxdur

Bakı. 6 iyul. REPORT.AZ / “Avropa Parlamenti ilə bizim əməkdaşlıq komitəmiz mövcuddur. Amma təəssüflər olsun ki, həmin komitənin qeyri-ciddi yanaşmasına görə demək olar ki, Avropa-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi çərçivəsində heç bir ciddi iş görülməyib. Dəfələrlə bəyan etmişik ki, biz həmin əməkdaşlıq komitəsinin daha canlı, daha məqsədyönlü olmasını və qanunlarla bağlı olan məsələləri müzakirə etmək istəyirik”.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyası və Avropa Parlamentindəki Azərbaycan nümayəndə heyətinin üzvi Fuad Muradov deyib.

O bildirib ki, Avropa Parlamentində oturan insanlar son illərdə heç bir konkret işlə məşğul olmaq istəmir, yalnız boğazdan yuxarı bəyanatlar, Azərbaycanla bağlı heç bir əsası olmayan iradlar qeyd edilir: "Biz kiminsə dalınca qaçası deyilik. Azərbaycan tamhüquqlu, bərabər fəaliyyət göstərməyə, əməkdşalıq etməyə hazırdır. Amma bəzi dairələrdə belə bir fikir var ki, kiminsə dediyi ilə oturub durmalıyıq, bu tamamilə səhv yanaşmadır”.

F.Muradov qeyd edib ki, AVRONEST Parlament Assambleyası yaranan zaman onlar qurumda münaqişə, demokratiya, insan haqları, elm, Azərbaycanla bağlı məsələləri populizimdən uzaq şəkildə müzakirə etməyə ümid ediblər: “AVRONEST Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin sədriyəm. Bizim təşəbbüsümüzlə iki il dalbadal enerji təhlükəsizliyi ilə bağlı seminarlar keçirildi. Burada QHT-lər, Avropa Parlamentinin deputatları iştirak etdi. Belə bir qurum ola-ola Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanla bağlı məsələni müzakirə edəndə, bu quruma müraciət etmirlər, onun fikrini öyrənmirlər, özləri bir araya gəlir, 5-6 nəfər müzakirə aparır, özlərinə əl çalır və bununla da işi bitirirlər. Avropa Parlamentində bəzi dairələr var ki, onlar daima bu gərginliyi saxlamaq istəyirlər. Bunun səbəbləri də bəllidir. Birincisi, Azərbaycan Avropanın enerji təhlükəsizliyi ilə bağlı çox ciddi işlər həyata keçirir. Əminəm ki, o dairələr buna da qarşıdırlar. İkincisi, Azərbaycan stabil ölkədir. Oradakı qüvvələr regionda stabilliyi istəmirlər. Üçüncüsü, bu gün erməni lobbisi çox fəaldır. Erməni lobbisi Azərbaycanın mövqeyinin güclənməsini narahatlıqla qarşılayır və hiss edir ki, yaxın zamanda işğal altındakı torpaqlarımızı qaytaracağıq. Erməni lobbisi bununla bağlı qeyri-siyasi dairələrlə birləşərək Azərbaycana qarşı belə mövqe sərgiləyir”.

Azərbaycanın heç bir Avropa təşkilatına ehtiyacının olmadığını vurğulayan F.Muradov bildirib ki, həmin qurumlardan yalnız bərabərhüquqlu əməkdaşlığın həyata keçirilməsi istənilir: “Bu baş verəcəksə, fəaliyyətimizi davam etdirəcəyik. Bu seçim onların üzərinədir. Biz onlarla əməkdaşlığa hazırıq və imkanlarımız da var. Biz onların bəyanat səsləndirməsini deyil, iş görülməsini istəyirik".

Son xəbərlər

Orphus sistemi