Avropa Şurasının Ekspert Qrupu Azərbaycana ikinci qiymətləndirmə səfəri həyata keçirib

Avropa Şurasının Ekspert Qrupu Azərbaycana ikinci qiymətləndirmə səfəri həyata keçirib GRETA Azərbaycanla bağlı hesabatı 2018-ci ildə dərc edəcək
Xarici siyasət
1 Noyabr , 2017 13:39
Avropa Şurasının Ekspert Qrupu Azərbaycana ikinci qiymətləndirmə səfəri həyata keçirib
coe.int

Bakı. 1 noyabr. REPORT.AZ/ Avropa Şurasının (AŞ) İnsan alverinə qarşı mübarizə üzrə Ekspert Qrupu (GRETA) Azərbaycana ikinci qiymətləndirmə səfəri həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətindən məlumat verilib.

Oktyabrın 23-26-da baş tutan səfərin məqsədi GRETA ekspertlərinin 2013-cü ildə Azərbaycana ilk səfərindən sonra Avropa Şurasının İnsan alveri ilə mübarizə üzrə Konvensiyasının həyata keçirilməsindəki inkişafın qiymətləndirilməsi olub.

Səfər zamanı mütəxəssislər Daxili İşlər Nazirliyində, respublikanın hüquq-mühafizə orqanlarında, İnterpolun milli bürosunda bir sıra görüşlər keçiriblər. Eyni zamanda, GRETA nümayəndələri Ədliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Səhiyyə Nazirliyində, Xarici İşlər Nazirliyində və başqa strukturlarda rəsmi şəxslərlə görüşüblər. 

Bundan əlavə, Dövlət Miqrasiya Xidmətində, Dövlət Sərhəd Xidmətində, bir sıra digər dövlət orqanlarında, eləcə də respublika Baş prokurorunun ofisində və Ali Məhkəmədə, Ağır Cinayətlər Məhkəməsində hakimlərlə görüşlər keçirilib. Həmçinin Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkilin nümayəndəliyində, parlament komitələrinin üzvləri ilə, Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə görüş olub.

Səfərin yekunu olaraq ilkin hesabatın hazırlanması və sənədin müzakirə edilməsi üçün Azərbaycan hökumətinə göndərilməsi planlaşdırılır. Daha sonra GRETA yekun hesabat hazırlayacaq və bu, 2018-ci ildə dərc ediləcək.

Son xəbərlər

Orphus sistemi