​Avropa Parlamenti "Qonşuluq siyasəti" ölkələrinin ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib

​Avropa Parlamenti "Qonşuluq siyasəti" ölkələrinin ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib Qətnamədə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanıb
Xarici siyasət
10 İyul , 2015 14:47
​Avropa Parlamenti Qonşuluq siyasəti ölkələrinin ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib

Bakı. 10 iyul. REPORT.AZ/ Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında məruzəçi deputat Eduard Kukanın hazırladığı “Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi” adlı qətnamə qəbul edilib.

Azərbaycanın Avropa İttifaqı yanındakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, qətnamədə "Avropa Qonşuluq Siyasəti" bölgəsinin təhlükəsizliyi məsələsinə əhəmiyyətli yer ayrııb. Belə ki, "Avropa Qonşuluq Siyasəti" proqramının əhatə etdiyi ərazilərin böyük hissəsinin silahlı münaqişələrdən əziyyət çəkdiyi qeyd olunaraq bu ərazidə mövcud olan həlli uzadılmış münaqişələrin iqtisadi, sosial və siyasi dəyişiklik proseslərinə əngəl törətdiyi vurğulanıb. Bu xüsusda, "Avropa Qonşuluq Siyasəti" proqramının inkişafına başlıca maneə törədən həlli uzadılmış münaqişələrin (həm Şərq, həm də Cənub istiqamətində) həllində Avropa İttifaqının daha fəal rol oynamalı olduğu qeyd edilib.

Qətnamədə "Avropa Qonşuluq Siyasəti" ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanıb və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilib.

Qətnamənin sonunda bir daha tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstək ifadə olunub, eləcə də  "Avropa Qonşuluq Siyasəti" proqramının bu prinsiplərə töhfə verməklə yanaşı, onları təcrübədə dəstəkləməli olduğu qeyd olunub.

Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı qətnamə Avropa Parlamentinin bundan öncəki 23 oktyabr 2013-cü il qətnaməsinə birbaşa istinad edir və həmin qətnamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belə mövqe ifadə olunur: “Şərq Tərəfdaşlığının bir ölkəsinin digərini işğal etməsinin "Şərq Tərəfdaşlığı"nın fundamental prinsip və məqsədlərini pozduğu və Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli Akvila birgə bəyanatında əks olunmuş ATƏT-in Minsk Qrupunun əsas prinsiplərinə uyğun şəkildə həyata keçirilməsi ilə bağlı mövqeyini bir daha xatırladır.”

Son xəbərlər

Orphus sistemi