Azərbaycan Prezidenti: "Avropa Parlamenti Ermənistanda demokratiyanın boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib"

Azərbaycan Prezidenti: "Avropa Parlamenti Ermənistanda demokratiyanın boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib" "Avropa Parlament ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirib"
Xarici siyasət
20 Sentyabr , 2016 17:00
Azərbaycan Prezidenti: Avropa Parlamenti Ermənistanda demokratiyanın boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Azərbaycan Avropa ölkələri ilə əlaqələrə böyük önəm verir". 

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən bildirib. 

Dövlət başçısı Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələrin qarşılıqlı maraq əsasında uğurla inkişaf etdiyini deyib. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin geniş gündəliyinin olduğunu deyən dövlətimizin başçısı bunun təhlükəsizlik, energetika, nəqliyyat, elm, təhsil və digər sahələri əhatə etdiyini bildirib, Avropa İttifaqının artıq 9 üzv dövləti ilə strarteji tərəfdaşlıq barədə bəyannamənin imzalandığını deyib. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycanın müstəqil siyasət həyata keçirərək öz inkişaf yolunu seçdiyini deyən dövlət başçısı ölkəmizin siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olduğunu bildirib və respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqların təmin edildiyini, azad internetin olduğunu, demokratik inkişaf yolunda mühüm addımların atıldığını diqqətə çatdırıb. 

Daha sonra Prezident İlham Əliyev qeyd edib ki, Avropa Parlamentinin ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildiyi halda Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib. Dövlət başçısı Azərbaycanın Avropa ölkələri ilə əlaqələrə böyük önəm verdiyini deyərək Azərbaycanın da Avropa ölkələrinin inkişafına mühüm töhfə verə biləcəyini vurğulayıb. 

Prezident İlham Əliyev bəzi Avropa ölkələrində genişlənən islamofobiya hallarına qarşı mübarizə aparılmasının önəmini bildirib. Dövlət başçısı Avropada yüksək səviyyəli rəsmi şəxslərin bu məsələlərlə bağlı yolverilməz ifadələrinə Avropa strukturlarında hər hansı bir reaksiya verilməməsinin də bir müsəlman xalqı kimi Azərbaycan xalqını da narahat etdiyini vurğulayıb. 

Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsini Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini bildirib. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasətinin bu münaqişənin həllinə mane olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev ölkəmizdə korrupsiya ilə mübarizə istiqamətində qətiyyətli addımların atıldığını, gömrük, vergi və digər sahələrdə səmərəli islahatların artıq öz bəhrəsini verdiyini deyib, bu sahədə “ASAN xidmət”in fəaliyyətinin səmərəli olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi