Bakı. 11 fevral. REPORT.AZ/ "Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır. Strateji enerji tərəfdaşlığımızın mərkəzində "Cənub" Qaz Dəhlizi durur. Bu, daha böyük iqtisadi əməkdaşlıq təşviq edə biləcək, enerji təhlükəsizliyini artırmaqla Dəhliz boyu bütün ölkələrdə 30000-dən artıq iş yerinin açılmasına səbəb ola biləcək layihədir". "Report"un məlumatına görə, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Azərbaycana səfəri ərəfəsində deyib.
"Məqsədimiz 2019/2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələrini işlək vəziyyətə gətirməkdir. Bu məsələ Azərbaycanın gələcək iqtisadi inkişafı ilə bağlı olduğu kimi, Avropanın enerji təhlükəsizliyi baxımından da mühüm hesab edilir", - Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti bildirib.
Xatırladaq ki, M.Şevçoviç fevralın 12-də "Cənub" Qaz Dəhlizinin Məşvərət Şurasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Vitse-prezident və Azərbaycandan olan nümayəndələrdən başqa, Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan kimi tranzit ölkələrdən olan nazirlər, eləcə də TAP və TANAP boru kəməri operatorlarının nümayəndələri iclasda iştirak edəcəklər.
Ümumiyyətlə, bu, vəzifəyə təyin olunduqdan sonra M.Şefçoviçin Azərbaycana baş tutan ikinci səfəri olacaq. Bundan əvvəl vitse-prezident Azərbaycan Prezidenti və digər dövlət rəsmiləri ilə "Cənub" Qaz Dəhlizini müzakirə etmək üçün 2014-cü ilin noyabr ayında Bakıya səfər edib.