Yuxarı

Avropa İttifaqı vizaların verilməsinin yeni qaydalarını tətbiq edəcək

İyunun 23-dən Şengen vizasının alınması üçün sənədlərin təqdim edilməsi zamanı ərizəçilər barmaq izləri və rəqəmsal şəkil də verməli olacaq

Bakı. 29 aprel. REPORT.AZ/ Şengen ölkələrinin viza informasiya sistemi iyunun 23-dən fəaliyyətinə başlayacaq. 

"Report" xəbər verir ki, yeni qaydalara görə, Şengen vizasının alınması üçün sənədlərin təqdim edilməsi zamanı ərizəçilər barmaq izləri və rəqəmsal şəkil də təqdim etməli olacaqlar. Bütün bu məlumatlar 59 ay ərzində Viza İnformasiya Sistemində saxlanılacaq və həmin dövr ərzində viza üçün növbəti müraciətlərin baxılması zamanı istifadə olunacaq.  

Bu müddət bitdikdən sonra biometrik məlumatları yenidən təqdim etmək lazım gələcək. İlk dəfə barmaq izlərini vermək üçün konsulluğa şəxsən gəlmək lazımdır. 12 yaşına qədər uşaqlar, barmaq izlərinin götürülməsi mümkün olmayan şəxslər, dövlət başçıları və onların həyat yoldaşları, diplomatik səfərlər zamanı rəsmi nümayəndə heyətlərinin üzvləri bu prosedurdan azad olunur.  

Eyni zamanda, iyunun 23-dək verilən vizalar onların müddəti bitənə qədər qüvvədə qalacaq. 

Vizaların verilməsinin yeni qaydaları Şərq Tərəfdaşlığı ölkələri - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusa da şamil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi