​"Atlas" Araşdırmalar Mərkəzi: "Vətəndaşlar 5 dövləti Azərbaycanın dostu sayırlar"

​"Atlas" Araşdırmalar Mərkəzi: "Vətəndaşlar 5 dövləti Azərbaycanın dostu sayırlar" Mərkəz ötən ilin yekununa dair hesabatını təqdim edib
Xarici siyasət
7 Yanvar , 2016 17:25
​Atlas Araşdırmalar Mərkəzi: Vətəndaşlar 5 dövləti Azərbaycanın dostu sayırlar

Bakı. 7 yanvar. REPORT.AZ/ "Azərbaycan vətəndaşları Türkiyə və Qərblə daha sıx inteqrasiyaya üstünlük verirlər. Bu onunla əlaqədardır ki, Türkiyə və Qərb ölkələri, o cümlədən NATO və Avropa Birliyi Azərbaycanın inkişafında və sabitliyində maraqlıdırlar".

"Report"un məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin "Azərbaycanın xarici siyasəti və təhlükəsizlik" mövzusunda keçirdiyi sorğunun nəticələrinə dair hesabatda belə deyilir.  

Mərkəz yanvarın 7-də 2015-ci ilin yekununa dair hesabatını təqdim edib. 

Mərkəzin rəhbəri Elxan Şahinoğlu bir il ərzində gördükləri işdən danışıb. O, başçılıq etdiyi qurumun 2015-ci ilin sonu üçün “xarici siyasət və təhlükəsizlik” mövzusunda keçirdikləri rəy sorğularının nəticələrini təqdim edib.

“Azərbaycanın müttəfiqləri hansı dövlətlərdir” sualına cavab olaraq respondentlərin əksəriyyəti 5 dövlətin - Türkiyə, Pakistan, Gürcüstan, Səudiyyə Ərəbistanı və ABŞ-ın adını çəkib. 

“Dağlıq Qarabağda müharibə başlayarsa, hansı dövlət Azərbaycana hərbi dəstək verəcək” sualını cavablandıran respondentlərin 82 faizi Türkiyənin adını çəkiblər, sonrakı yerlərdə Pakistan (10 faiz və Səudiyyə Ərəbistanı (8 faiz) gəlir.

Sorğunun üçüncü - “2016-cı ildə Dağlıq Qarabağ danışıqlarında irəliləyiş gözləyirsinizmi” sualına respondentlərin 86 faizi “xeyr”, 14 faizi “bəli” cavabını verib. “2016-cı ildə müharibə başlaya bilərmi” sualına isə respondentlərin 56 faizi “müharibə mümkündür”, 23 faizi “müharibə ehtimalı azdır” cavabını veriblər. 21 faizi isə cavab verməkdə çətinlik çəkdiyini söyləyib. 

“Azərbayan xarici siyasət və təhlükəsizlik sahəsində hansı beynəlxalq təşkilata inteqrasiya olmalıdır: NATO, Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi Birliyi” sualına respondentlərin verdikləri cavab belə olub: NATO və Avropa Birliyi – 72 faiz, Avrasiya İqtisadi Birliyi – 16 faiz. 12 faiz isə sualı cavablandırmaqda çətinlik çəkdiyini deyib.

Qeyd edək ki, sorğuda 500 respondent iştirak edib.

"Dağlıq Qarabağ: 2015-ci ilin yekunları və 2016-cı ildəki perspektiv" hesabatında bu il Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda müsbət nəticə qazanılacağını gözləmək problemli məsələ kimi qeyd edilib.

Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi, Suriyadakı müharibə, böyük dövlətlərin maraqlarının kəsişməsi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllinə əngəl olan əsas səbəb kimi göstərilib.

Hesabatda vurğulanıb ki, Rusiyanın ABŞ-la, o cümlədən Türkiyə ilə maraqları Ukrayna və Suriya məsələlərində kəsişirsə, bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlarının üst-üstə düşəcəyəni gözləmək çətindir.

Son xəbərlər

Orphus sistemi