ATGTİ erməni təxribatı zamanı mülki əhalinin həlak olmasını qətiyyətlə pisləyir

ATGTİ erməni təxribatı zamanı mülki əhalinin həlak olmasını qətiyyətlə pisləyir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı erməni işğalçılarının iyulun 4-də cəbhə xəttində yaratdıqları təxribatla bağlı bəyanat verib
Xarici siyasət
5 İyul , 2017 19:14
ATGTİ erməni təxribatı zamanı mülki əhalinin həlak olmasını qətiyyətlə pisləyir

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) erməni işğalçılarının 4 iyul 2017-ci il tarixində cəbhə xəttində yaratdıqları təxribat zamanı mülki əhalinin həlak olması ilə bağlı bəyanat verib.

"Report" xəbər verir ki,  ATGTİ bəyanatında erməni işğalçılarının 4 iyul 2017-ci il tarixində cəbhə xəttində yaratdıqları təxribat zamanı mülki əhalinin həlak olmalarını qətiyyətlə pisləyir, bunu Ermənistanın Azərbaycan ərazilərinin işğalının davam etdirmək cəhdi kimi qəbul edir və bu addıma öz qəti etirazını bildirir.

Bəyanatda deyilir: "Məlum olduğu kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı hərbi hospitala çatdırılaraq əməliyyata götürülüb. Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb. Cəbhədə baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bildiyimiz kimi, 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu”-na əsasən cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılmalı idi. Lakin, Atəşkəs müqaviləsinin şərtləri dəfələrlə pozulmuş, müvafiq bəndlərə əməl olunmamışdır. Ermənilərin birinci Qarabağ müharibəsində dinc insanlara, xüsusilə uşaqlara qarşı törətdikləri vəhşiliklər Atəşkəs dövründə də davam etmişdir. Bunun nəticəsi olaraq cəbhəyani ərazilərdə yaşayan insanların, xüsusilə körpə uşaqların həyatı üçün ciddi təhlükə yaranmış, bəzi hallarda isə onlar həlak olmuşlar. Ötən dövrdə snayper gülləsindən həlak olan körpənin, gəlinciyə yerləşdirilmiş partlayıcı nəticəsində xəsarət alan uşaqların, eyni zamanda 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələrinin təxribatı zamanı mülki şəxslərin öldürülməsi erməni xislətinin davamının göstəricisi və bü cür addımları sülh prosesinə vurulmuş böyük zərbə kimi qiymətləndiririk.

Beynəlxalq hüququn norma və prinsiplərinə və BMT-nin Nizamnaməsinə zidd olaraq, Azərbaycan Respublikasına qarşı işğal və təcavüz törətmiş, eyni zamanda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar substantiv və ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş alçaq və şərəfsiz təxribatlara əl atır.

ATGTİ olaraq Biz, Ermənistanın beynəlxalq müqavilələrin şərtlərinə əməl etməsini, onun tərəfindən Azərbaycanın dinc, mülki əhalisinə qarşı törədilən təxribatlara dərhal və təcili şəkildə son qoyulması üçün beynəlxalq qurumlardan bu dövlətə qarşı iqtisadi və siyası təzyiqlər etmələrini tələb edirik."

Son xəbərlər

Orphus sistemi