Tbilisi. 18 iyul. REPORT. AZ/ "Mətbuat azadlığı adı altında dezinformasiya ilə məşğul olmaq, hər hansı bir ölkəyə və ya şəxsə qarşı əks təbliğat və ya kampaniya aparmaq yolverilməzdir".
Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında İtaliya Xarici İşlər Nazirliyinin ATƏT-dəki səlahiyyətli nümayəndəsi Antonino Maggiore söyləyib.
ATƏT rəsmisi deyib: "Təəssüf ki, bu gün mətbuat, söz azadlığı adı altında dezinformasiya və kampaniyalar aparan KİV-lər və jurnalistlər var. Bu, çox təhlükəlidir. Hansısa jurnalistin və KİV-in söz, mətbuat azadlığından sui-istifadə edərək hansısa dövlətə, ayrı-ayrı şəxslərə qarşı dezinformasiya yayması, əks kampaniya aparması cəmiyyətdə ciddi fikir ayrılığına, parçalanmaya və qarşıdurmaya səbəb olur. Bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Ona görə də hesab edirəm ki, bu cür hallara qarşı mübarizə aparılmalıdır".
Onun sözlərinə görə, bunun üçün jurnalistlərin maarifləndirilməsi, peşə bacarıqlarının artırılması üçün layihələr hazırlanmalı, ciddi tədbirlər görülməlidir".
"Heç kim cəmiyyətdə ciddi narahatlıq yaradan dezinformasiyalar yaymamalı, qərəzsiz jurnalistika inkişaf etməlidir"- A.Maggiore vurğulayıb.