ATƏT PA-da Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının qorunmasındakı uğurlardan danışılıb

ATƏT PA-da Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının qorunmasındakı uğurlardan danışılıb Azərbaycan qadın hüquqları sahəsində tarixi təcrübəyə malikdir
Xarici siyasət
21 Fevral , 2015 05:12
ATƏT PA-da Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının qorunmasındakı uğurlardan danışılıb

Bakı. 21 Fevral. REPORT.AZ/ Fevralın 18-dən 20-dək Vyanada keçirilən ATƏT-in Parlament Assambleyasının 14-cü qış sessiyasında gender məsələləri üzrə iclas təşkil olunub.

"Report" AzərTac-a istinadla xəbər verir ki, iclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, Ümumdünya İqtisadi Forumunun ekspertlərinə görə, dünyanın hələ heç bir ölkəsi iqtisadiyyat, siyasət, təhsil və səhiyyədə kişi və qadınlar arasında tam bərabərhüquqluluğa nail ola bilməyib. Gender diskriminasiyası müxtəlif formalarda həm Qərb, həm də Şərq ölkələrində mövcuddur.

Lakin Azərbaycan qadın hüquqları sahəsində tarixi təcrübəyə malikdir. Belə ki, Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericilik aktları qəbul olunub və 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən qadınlara seçki hüququ verilib.

Azərbaycanın gender bərabərliyi sahəsində beynəlxalq dialoq mərkəzinə çevrildiyini diqqətə çatdıran R.Aslanova son illərdə ölkəmizdə bu sahədə bir sıra mühüm regional və beynəlxalq tədbirlərin keçirildiyini qeyd edib. Azərbaycan, həmçinin yerləşdiyi regionda gender bərabərliyi sahəsində nümunəvi dövlətdir, ölkənin ictimai-siyasi həyatında qadınlar xüsusi rol oynayırlar, təhsil sektorunda çalışanların 70, səhiyyə sektorunda çalışanların isə 60 faizə yaxını qadınlardır. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Azərbaycanda bələdiyyələrə seçilən qadınların sayı 2004-cü il seçkiləri ilə nisbətdə doqquz dəfə artıb.

Deputat bildirib ki, bütün bu uğurlar və müsbət göstəricilərlə yanaşı Azərbaycanda bu sahədə bəzi problemlər də qalmaqdadır.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin 20 faiz ərazisi işğal olunub, bir milyondan çox vətəndaşın, o cümlədən qadınların insan haqları pozulub. Qaçqın və məcburi köçkünlər arasında qadınların əksəriyyət təşkil etdiyini vurğulayan R. Aslanova həmin insanların hüquqlarının hələ də bərpa olunmadığını deyib. O Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasəti nəticəsində həmin insanların hələ də öz ata-baba torpaqlarına qayıda bilmədiklərini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi