ATƏT-in fəaliyyətdə olan sədri: "Cənubi Qafqaz regionu Avropanın təhlükəsizliyi üçün əhəmiyyətlidir"

ATƏT-in fəaliyyətdə olan sədri: "Cənubi Qafqaz regionu Avropanın təhlükəsizliyi üçün əhəmiyyətlidir" ATƏT-in fəaliyyətdə olan sədri və Azərbaycan XİN rəhbəri Dağlıq Qarabaq münaqişəsinin həllini müzakirə ediblər
Xarici siyasət
1 İyun , 2015 14:52
ATƏT-in fəaliyyətdə olan sədri: Cənubi Qafqaz regionu Avropanın təhlükəsizliyi üçün əhəmiyyətlidir

Bakı. 1 iyun. REPORT.AZ/ "Cənubi Qafqaz regionu təhlükəsizlik baxımından Avropa üçün əhəmiyyətlidir". "Report" xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya XİN rəhbəri İvitsa Daçiç Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşün yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. 

İ.Daçiç vurğulayıb ki, ərazi bütövlüyü məsələsi Serbiya üçün vacibdir. 

Dağlıq Qarabağ münaqişəsinin həllindən danışan ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, tərəflər münaqişənin həlli üçün siyasi iradə nümayiş etdirməlidir: "Bununla yanaşı, tərəflər atəşkəs rejimi haqqında razılaşmanın şərtlərini yerinə yetirməlidirlər. Hesab edirəm ki, Helsinki aktının yekun sənədindən irəli gələn prinsiplər münaqişənin həlli zamanı nəzərə alınmalıdır", - İ.Daçiç qeyd edib. 

Öz növbəsində, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İ.Daçiç ilə görüşün nəticələrini şərh edərkən bildirib ki, Azərbaycan və Serbiyanın ikitərəfli münasibətləri yüksək səviyyədədir. Ölkələrin siyasi, iqtisadi və humanitar sahələrdə geniş əlaqələri mövcuddur. Onun sözlərinə görə, nazirlər həmçinin Serbiya ilə viza rejiminin sadələşdirilməsi, enerji əməkdaşlığının inkişafı məsələlərini də müzakirə ediblər. 

Azərbaycan XİN rəhbəri İ.Daçiçi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin gedişi haqqında məlumatlandırıb. Görüş zamanı Azərbaycan tərəfi ATƏT-in fəaliyyətdə olan sədrindən İrəvana səfəri zamanı Kəlbəcər rayonunda tutulan azərbaycanlı girovların qaytarılması məsələsini qaldırmağı xahiş edib. 

Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədri iyunun 2-də Gürcüstana, iyunun 3-də isə Ermənistana səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi