Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiyanın Arxangelsk vilayətinin qubernatorunun müavini Viktor İkonnikov Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun vitse-konsulu Elçin Məmmədovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
"Report" qubernatorun və Arxangelsk vilayəti hökumətinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, V.İkonnikov Arxangelsk vilayəti ilə Azərbaycan arasında əlaqələrin böyük tarixə və dinamik inkişafa malik olduğunu qeyd edib.
Onun sözlərinə görə, Arxangelskyə səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti vilayətin 80 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edəcək. Dekabrın 24-25-nə isə Arxangelsk vilayətinin Bakıda biznes missiyası planlaşdırılır.
Arxangelsk vilayətinin iqtisadi və investisiya potensialını təqdim edən V.İkonnikov ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini göstərib. O, nəqliyyat-logistika, meşə sənayesi, balıq emalı, təhsil, mədəniyyət və turizm sahələrini fərqləndirib.
Öz növbəsində, vitse-konsul Elçin Məmmədov Azərbaycan və Arxangelsk vilayəti arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin çox olduğunu bildirib: "İlk növbədə, bu, iqtisadi əməkdaşlıq və humanitar əlaqələrdir. Əməkdaşlığımız möhkəmlənir və inkişaf edir".