Argentinada “Cənubi Qafqazda strateji enerji və nəqliyyat layihələri” mövzusunda konfrans keçirilib

Argentinada “Cənubi Qafqazda strateji enerji və nəqliyyat layihələri” mövzusunda konfrans keçirilib ​Argentinada “Cənubi Qafqazda strateji enerji və nəqliyyat layihələri” mövzusunda konfrans keçirilib
Xarici siyasət
3 İyun , 2017 08:48
Argentinada “Cənubi Qafqazda strateji enerji və nəqliyyat layihələri” mövzusunda konfrans keçirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Argentinanın Beynəlxalq Əlaqələr Şurasın (CARİ) və La Plata Milli Universitetinin Beynəlxalq münasibətlər institundakı Azərbaycan, Gürcüstan və Türkiyə kafedralarının təşkilatçılığı ilə “Cənubi Qafqazda strateji enerji və nəqliyyat layihələri” mövzusunda konfrans keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransda Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov, Türkiyənin Argentinadakı səfiri Meral Barlas və Gürcüstanın Argentinadakı Səfirliyinin müşaviri Ketavani Sabauri çıxış ediblər. Tədbirdə Argentinanın keçmiş diplomatları, siyasi xadimləri, mətbuat nümayəndələri, müxtəlif universitetlərin tələbə və müəllimləri, habelə Argentina XİN-nin rəsmiləri və Argentinadakı diplomatik korpusun nümayəndələri qonaq qismində iştirak ediblər.

R.Aslanov ölkəmiz haqqında auditoriyaya geniş məlumat verərək, müstəqilliyin bərpasından sonrakı ilk illərdə Azərbaycanın yaşadığı çətinliklər, üzləşdiyi problemlər, 1993-cü ildən sonra ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində sabitliyin əldə olunması, ölkə müstəqilliyinin qorunub saxlanması və regional strateji layihələrin təməlinin qoyulması barədə danışıb. O, həmçinin ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin və uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsi, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri haqqında ətraflı məlumat verərək, bu layihələrin yalnız regionun deyil, Avropa və dünya üçün önəm daşıdığını qeyd edib. Bu xüsusda enerji sahəsində Bakı-Tbilisi-Ceyhan, TANAP-TAP, nəqliyyat sahəsində isə Bakı-Tbilisi-Qars kimi mühüm layihələrə diqqət çəkən R.Aslanov bu layihələr nəticəsində regionun nail olduğu inkişafdan, habelə Azərbaycanın regionun digər ölkələri ilə münasibətlərindən danışıb.

R.Aslanov çıxışında Ermənistan-Azərbaycan münaqişəsi haqqında da ətraflı məlumat verərək, Ermənistanın bu təcavüzkar siyasət nəticəsində regionun önəmli layihələrindən kənarda qaldığını vurğulayıb. O, habelə qeyd olunan layihələrin Azərbaycanı regionun mühüm ölkəsinə və regional infrastruktur qovşağına çevirdiyini diqqətə çatdırıb. Çıxış ərzində qonaqlara sözegedən layihələr barədə geniş məlumatları əks etdirən şəkillər, xəritələr, videolar və digər vizual materiallar təqdim edilib.

Daha sonra türk və gürcü diplomatları da çıxış edərək, regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi prosesindən, bu layihələrin öz ölkələri üçün əhəmiyyətindən, habelə təmsil etdikləri ölkələrin Azərbaycanla əlaqələrindən bəhs ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi