Antalyada Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib

Antalyada Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələrə dair ətraflı fikir mübadiləsi aparılıb
Xarici siyasət
28 Avqust , 2015 19:04
Antalyada Azərbaycan və Türkmənistan XİN rəhbərləri arasında görüş keçirilib

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkmənistanlı həmkarı Rəşid Meredovla görüşüb. Görüş bu gün Antalyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində baş tutub. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan və Türkmənistan arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. İki ölkə arasında siyasi dialoqun inkişafı və əməkdaşlıq dairəsinin genişlənməsindən məmnunluq ifadə olunub.

Son illər ərazində Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasının müsbət tendensiya olduğu bildirilib. Qarşılıqlı səylər vasitəsilə iki ölkənin malik olduğu zəngin potensiala uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu nəzərdən keçirilib. Hökumətlərarası əməkdaşlıq komissiyasının iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı üçün mühüm rola malik olduğu qeyd olunub. Xəzər dənizinin iki ölkəni birləşdirən dəyər olduğu vurğulanaraq, enerji və nəqliyyat sahəsində əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi nəzərə çatdırılıb.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulanıb. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi