Ankaranın Xocalı Soyqırımı meydanında anım tədbiri keçirilib

Ankaranın Xocalı Soyqırımı meydanında anım tədbiri keçirilib Tədbirdə çıxış edənlər erməni vəhşiliyini pisləyən mesajlar veriblər
Xarici siyasət
27 Fevral , 2016 04:40
Ankaranın Xocalı Soyqırımı meydanında anım tədbiri keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən keçirilən tədbirlər çərçivəsində 26 fevral 2016-cı il tarixində Ankaranın Keçiörən rayonunda yerləşən Xocalı Soyqırımı meydanında anım tədbiri keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, açıq havada həyata keçirilən geniştərkibli tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlayıb, ilk olaraq Türkiyə baş nazirinin müavini Lütfi Elvan, gənclər və idman naziri Akif Çağatay Kılıç və digərlərinin tədbirə ünvanladıqları erməni vəhşiliyini pisləyən mesajları oxunub.

Ardından Keçiörən rayon bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar çıxış ediblər. Çıxışlar zamanı Xocalıda 24 il əvvəl törədilən cinayətin bir daha dünyanın heç bir yerində yaşanmaması üçün günahsız insanlara qarşı soyqırımı törədən erməni faşistlərinin cəzalarını çəkmələrinə dair məqamlar vurğulanıb.

Tədbirdə, səfirliyin əməkdaşları, Ankarada təhsil alan kursant və tələbələrimiz, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı çox sayda KİV nümayəndələri, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri və Keçiörən rayon sakinləri iştirak ediblər.

Tədbir zamanı Xocalı şəhidlərini simvol edən şarlar havaya bıraxılıb.

Xocalı Soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı Ankarada keçirilən tədbirlər gün ərzində də davam edib.

İlk olaraq Qazi Universitetində İncəsənət Fakültəsi və universitet nəzdində fəaliyyət göstərən Türk Sənəti Cəmiyyətinin birgə təşkilatçılığı ilə “613” adlı tədbir təşkil olunub. Tədbir zamanı toplanan rəssamlar əsərlərini qara rəngə boyayaraq bununla 613 Xocalı şəhidini və onların geridə qalan həyatlarındakı qaranlığı bir anlıq da olsa ortaq olmağa çalışıblar. Həmin gün ərzində qaraya boyanmış bu əsərlərin sərgisi keçirilib. Tədbir zamanı Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxış edərək belə bir layihənin həyata keçirilməsinin təqdirə layiq olduğunu və keçirilən sərgi vasitəsilə Xocalı Soyqırımına dair həqiqətlərin ictimaiyyətə çatdırılmasının əhəmiyyətli bir amil olduğunu vurğulayıb.

Eyni gün ərzində Xocalı Soyqırımının iyirmi dördüncü ildönümü ilə bağlı təşkil olunmuş tədbirlər çərçivəsində Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada 17 fevral 2016-cı il tarixində 29 nəfərin ölümü ilə nəticələnən terror aktının baş verdiyi əraziyə gedərək terror aktı qurbanlarının xatirəsini yad ediblər. Buna əlavə olaraq, Ankarada yerləşən mötəbər Panora ticarət mərkəzində Səfirlik və Qazi Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı afişa sərgisi təşkil olunub.

Son xəbərlər

Orphus sistemi