Türkiyənin paytaxtı Ankara şəhərində ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar tədbirlər keçirilib.
"Report"un Ankara bürosunun verdiyi məlumata görə, öncə Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin anım mərasimi təşkil olunub.
Mərasimdə Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AkParti) Xarici Əlqələr Bölməsinin rəhbəri Mehmet Ceylan, digər deputatlar, ziyalılar, qardaş ölkədə hərbi təhsil alan kursantlarımız, ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Heydər Əliyevin parkdakı abidəsi önünə əklillər və qərənfillər qoyulub.
Sonra Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondundakı (TADİV) Şuşa Konqres Mərkəzində Ulu Öndərin xatirəsinə anım tədbiri keçirilib.
Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin, TADİV-in, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AkParti) Xarici Əlqələr Bölməsinin və Yeni Azərbaycan Partiyasının nümayəndələrinin iştirakı ilə baş tutub.
Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və iki ölkəninin Dövlət himnləri səsləndirildikdən sonra giriş sözü TADİV rəhbəri Aygün Əttar açaraq bildirib ki, müasir Azərbaycanın qurucusu Heydər Əliyev zamanın fövqündə duran dahi şəxsiyyət olub, onun “Bir millət, iki dövlət” fikiri Türkiyə-Azərbaycan münsibətlərinin müttəffiqlik səviyyəsinə yüksəlməsində xüsusi əhəmiyyət daşıyır ki, bu gün belə bir münasibətin dünyada alternativi yoxdur.
Səfir R.Məmmədov deyib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarı olmaqla yanaşı, bu günkü Azərbaycanın müdafiə və hərbi sənaye sahəsindəki uğurlarında Türkiyənin göstərdiyi dəstəyin təməlini qoyan şəxsiyyətdir.
Ə.Əmiraslanov deyib ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlmə ərəfəsində Azərbaycanın xarici və daxili əlaqələrində siyasi böhran yaşanıb və onun uğurlu siyasi nəticəsində ölkədə sabitlik bərqərar olub. Ə.Əmiraslanovun sözlərinə görə, həmin dövrdə azərbaycanlı tələbələrin Türkiyədə təhsil almasında Heydər Əliyevin önəmli rolu olub ki, həmin tələbələr bu gün yüksək dairələrdə Azərbaycan-Türkiyə münasibətlərində əhəmiyyətli rol oynayırlar.
Deputat Hikmət Məmmədov, AkParti Xarici Əlqələr Bölməsinin rəhbəri Mehmet Ceylan və digər çıxışçılar Heydər Əliyevin fəaliyyətlərini müxtəlif aspektlərdən səciyyələndiriblər.
Çıxışlardan sonra ”Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsinin rolu” adlı simpozium başlayıb. Türkiyə və Azərbaycandan olan elm adamlarının iştirakı ilə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, Türkiyə-Azərbaycan münasibətlərinin təməlinin güclənməsindəki rolundan bəhs edilib.








